Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BƏƏ-də kibercinayətlər haqqında məlumat verilməsi üçün sayt istifadəyə verilib


Birləşmiş Ərəb Əmirliklərinin Dubay əmirliyində “Dubay 2021” inkişaf planına uyğun olaraq kibercinayətlər haqqında məlumat verilməsi üçün onlayn resurs istifadəyə verilib.

“ICTnews” Elektron Xəbər Xidməti “Russianemirates” resursuna istinadən yazır ki, kibercinayətlərin törədilməsi zamanı vətəndaşlardan məlumatların alınması üçün onlayn platformanın işə salınması ilə bağlı göstəriş Dubay polisinin baş komandanı, general-mayor Abdulla əl-Marri tərəfindən verilib.  

Məlumata görə, “www.ecrime.ae” saytı internet istifadəçilərinə şəbəkədə istənilən şübhəli fəaliyyət barədə məlumatlandırmağa imkan verən vahid onlayn meydançadır. Əl-Marri Dubay polisinin BƏƏ-nin strateji istiqamətlərinə və şəhər hökumətinin “ağıllı” xidmətlərin inkişafında gələcək planlarına uyğun innovativ xidmətlərin göstərilməsində rolunu qeyd edib.

Dubay polisinin Kibercinayətkarlıqla mübarizə departamentinin rəhbəri Səid əl-Həcəri bildirib ki, yeni servis şübhəli elektron məktubların göndərilməsi, sosial şəbəkələrdə kiberməkanda müdaxilə, şantaj və fırıldaqçılığa yönələn məlumatların dərc edilməsi kimi qanun pozuntularına qarşı mübarizə üçün nəzərdə tutulub.  

Nizam Nuriyev






03/05/18    Çap et