Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünya smartfonlar bazarının həcmi 3 faiz azalıb


“International Data Corporation” (IDC) analitik şirkəti Çində tələbatın zəifləməsinə görə dünya smartfonlar bazarının həcminin 3 faiz azalmasını açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, bu ilin birinci rübündə istehsalçılar tərəfindən ümumilikdə 334,3 milyon smartfon buraxılıb. 2017-ci ilin analoji dövründə bu göstərici 344,4 milyon olub. Tənəzzülə əsas səbəb rüblük həcmi 100 milyon ədəddən çox azalan Çin bazarı olub. Bu nəticə 2013-cü ilin üçüncü rübündən bəri qeydə alınmayıb.
 
Qlobal miqyasda iri smartfon istehsalçısı “Samsung” şirkəti olaraq qalır. Şirkət 2018-ci ilin yanvar-martında 78,2 milyon smartfon istehsal edib ki, bu da bir il əvvəlki göstəricidən 2,4 faiz azdır. Bazar payı il ərzində dəyişməz qalaraq 23,4 faiz təşkil edib.

İkinci pillədə qərarlaşan “Apple” şirkəti 52,2 milyon “iPhone” buraxaraq bazarda 15,6 faiz paya sahib çıxıb. “iPhone” smartfonlarının illik hesablamada tədarükü təxminən 3 faiz artıb. Rəqib Çin şirkətləri tədarükü daha sürətli genişləndirir. Belə ki, liderlər üçlüyünü tamamlayan “Huawei” şirkəti smartfonların tədarükünü 14 faiz – 39,3 milyon ədədədək artırıb ki, bu da bazarın ümumi həcminin 11,8 faizinə bərabərdir.

“Xiaomi” smartfonlarının buraxılışı 88 faiz artaraq 28 milyon ədəd təşkil edib. Şirkətin hazırda dünya bazarında payı 8,4 faizə çatıb ki, bu da 2017-ci ilin birinci rübündən təxminən 2 dəfə çoxdur.

İri smartfon istehsalçıları beşliyini “Oppo” tamamlayır. Şirkətin tədarükünün 5 faiz azalmasına səbəb Çində qurğulara tələbatın zəifləməsi ilə əlaqədardır. Bundan başqa, “Oppo” pərakəndə satışda əməkdaşlığı məhdudlaşdıraraq diqqəti daha çox mədaxil gətirən tərəfdaşlara yönəldib. “Xiaomi” şirkətinin Hindistanda populyarlığının sürətlə artmasının qarşısını almaq üçün “Oppo” onlayn satışlara böyük diqqət yetirməyə başlayıb.

“IDC” nümayəndələrinin sözlərinə görə, “Xiaomi” şirkətinin nümayiş etdirdiyi yüksək dinamika beynəlxalq genişlənmədə uğurlarla əlaqədardır. Birinci rübdə smartfonların tədarükünün təxminən yarısı yerli bazarın payına düşüb.

Nizam Nuriyev






03/05/18    Çap et