Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Məktəblilər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Ən yaxşı təqdimat” müsabiqəsi başa çatıb.
Ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqə Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsi tərəfindən birgə təşkil olunub. Müsabiqənin nəticələrinə əsasən, 8 nəfər birinci, 14 nəfər ikinci, 18 nəfər üçüncü dərəcəli diploma, 25 nəfər isə tərifnaməyə layiq görülüb.
AZƏRTAC xəbər verir ki, mayın 4-də Heydər Əliyev Mərkəzində müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.
Dövlət qurumlarının nümayəndələrinin, Milli Məclisin deputatlarının, ali məktəb rektorlarının, təhsil işçilərinin, şagirdlərin iştirak etdikləri tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Mərasimdə çıxış edən təhsil naziri Ceyhun Bayramov ulu öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, Ümummilli Liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb.
Nazir dövlətimizin başçısının apardığı müdrik və məqsədyönlü siyasət nəticəsində Azərbaycanın dinamik inkişaf etdiyini söyləyib.
Təhsil sahəsində səmərəli proqram və layihələr həyata keçirildiyini qeyd edən C.Bayramov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq reallaşdırılan tədbirlərdən danışıb.
Nazir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsilə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Təhsil sahəsində həyata keçirilən layihələr sayəsində tədris ocaqlarının maddi-texniki bazalarının daha da möhkəmləndirildiyini xatırladan C.Bayramov təhsildə qazanılan uğurları, qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Nazir məktəblilər arasında təşkil olunan müsabiqənin əhəmiyyətini vurğulayıb, şagirdlərə gələcək həyatlarında uğurlar arzulayıb.
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən danışıb. Qeyd edib ki, Ulu Öndərin zəngin irsinin dərindən öyrənilməsi olduqca önəmlidir.
Ölkəmizdə uğurlu təhsil islahatlarının aparıldığını bildirən Əli Əhmədov Prezident İlham Əliyevin bu sahəyə böyük əhəmiyyət verdiyini xatırladıb.
“Bu gün Azərbaycan təhsilinin qarşısında geniş vəzifələr durur”, - deyən Baş nazirin müavini bildirib ki, təhsil Azərbaycanın inkişafının ən fundamental əsaslarından biri kimi dəyərləndirilir. O əlavə edib ki, hər bir ölkə öz inkişafında təhsilə borcludur.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da müsabiqənin əhəmiyyətini vurğulayıb. Müsabiqənin təşkilatçılarından olan Heydər Əliyev Fondunun fəaliyyət istiqamətlərindən danışan Anar Ələkbərov bildirib ki, Fond ölkəmizin tərəqqisi və xalqımızın rifahına xidmət edən genişmiqyaslı layihələr həyata keçirərək ümummilli lider Heydər Əliyevin ideyalarını davam etdirir.
“Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə reallaşan konkret layihələrlə, əməli işlərlə Fond bütün xalqımızın hörmət və etibarını qazanmağa nail olub. Biz, eyni zamanda, öz humanitar fəaliyyətimizlə beynəlxalq ictimaiyyətin rəğbətini qazanan ölkənin ən böyük qeyri-hökumət təşkilatı kimi Azərbaycanı dünyada layiqincə təmsil edirik. Bütün bu çoxşaxəli fəaliyyətin təməlində ulu öndər Heydər Əliyevin ideyaları və bu ideyalara xidmət amalı dayanır. Bugünkü müsabiqə onu göstərir ki, Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımızın qarşısındakı misilsiz xidmətlərini, onun müəllifi olduğu dövlət quruculuğu konsepsiyasını dərindən öyrənməyə böyük maraq göstərir. Bu da Azərbaycanın gələcəyinin etibarlı əllərdə olduğunu göstərir”, - deyə Anar Ələkbərov qeyd edib.
Anar Ələkbərov bildirib ki, Heydər Əliyev Fondu təhsil sahəsinə hər zaman xüsusi diqqət ayırıb. Fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahəyə verdiyi önəmin bariz nümunəsi kimi ölkənin hər yerində, ən ucqar kəndlərdə belə yeni məktəb binalarının tikintisini və həyata keçirilən digər layihələri misal göstərmək olar.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə çıxış edərək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. Nazir bildirib ki, müasir müstəqil Azərbaycanın banisi olan Heydər Əliyev tarixin çətin vaxtlarında hakimiyyətə gələrək xalqımız qarşısında böyük xidmətlər göstərib, ölkəmizi parçalanmaqdan xilas edib. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi vaxtda Azərbaycanın inkişafı və dünyada tanıdılması istiqamətində mühüm addımlar atıb. Bütün sahələrə diqqətini əsirgəməyən Ümummilli Lider hər zaman təhsil sahəsinə xüsusi həssaslıqla yanaşıb. Bu gün də Azərbaycan təhsili Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ümummilli lider Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı müstəsna xidmətlərindən danışıb. O, Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda təhsilin, elmin inkişafı istiqamətində görülən işlərin önəmindən də bəhs edib. S.Möhbalıyev müsabiqənin əhəmiyyətini vurğulayıb, qalibləri təbrik edib.
Sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.