Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sağlamlıq - 2011” Respublika Spartakiadasına start verildi


Bu gün Bakı İdman Sarayında rabitə və informasiya texnologiyaları sahəsində çalışan işçilərin «Sağlamlıq - 2011» Respublika Spartakiadasının təntənəli açılış mərasimi keçirildi. Açılış mərasimində RİTN rəhbərliyi, rabitə müəssisələrinin rəhbərləri və əməkdaşları, dövlət strukturlarının nümayəndələri iştirak ediblər.

Tədbiri açıq elan edən rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov ilk öncə iştirakçılara nazir Əli Abbasovun salamlarını çatdırıb.

Ölkə başçısı tərəfindən idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışan nazir müavini ölkə idmançılarının beynəlxalq arenada əldə etdiyi uğurları yüksək qiymətləndirib və “Rabitəçi” qadın voleybolçularının dünya çempionu titulunu əldə etməsini,”rabitəçi” boksçuların olimpiya idman yarışlarına lisenziya əldə etməsini ən böyük uğurlarımızdan biri kimi qeyd edib.

“Artıq ənənəvi olaraq, Spartakiada 6 dekabr - rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı, yəni telefon rabitəsinin yaranmasının 130 illiyi ərəfəsində belə möhtəşəm tədbirlərin keçirilməsi müsbət haldır və sahə işçilərinin fəaliyyətini stimullaşdırır, onlarda idman növlərinə maraq aşılayır”- deyə qeyd edən nazir müavini bütün idmançılara uğurlar və ədalətli mübarizə arzu edib.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov isə çıxışı zamanı son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi, idman sahəsində də nailiyyətlər əldə edildiyini vurğulayaraq, ölkə rəhbərliyi tərəfindən idmana göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edib.

O, bundan sonra da sahə üzrə daha böyük nailiyyətlər əldə olunacağına əminliyini bildirib. Eyni zamanda, İ.İsmayılov rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin hər il təşkil olunan spartakiadaya göstərdiyi marağı yüksək qiymətləndirib.

Sonra meydana Qətərin paytaxtı Doha şəhərində keçirilən dünya birinciliyində qızıl medala layiq görülən “Rabitə” volebol komandasının üzvləri və London Yay Olimpiyadasına vəsiqə qazanan “Rabitəçi” klubunun boksçuları daxil oldular. Nazir müavini İltimas Məmmədov “Sağlamlıq - 2011” Respublika Spartakiadasını açıq elan edib və tədbirin bədii hissəsinə start verilib.

Qeyd edək ki, idmanın müxtəlif növləri - voleybol, nərd, dama, şahmat, kəndirdartma, mini-futbol, tennis üzrə keçiriləcək builki spartakiadada «Aztelekom» İB, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi , “Azərkosmos” MMC, «Teleradio» İB, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi , Hərbiləşdirilmiş Mühafizə İdarəsi, Dövlət Radiotezliklər İdarəsi, Məlumat Hesablama Mərkəzi və özəl

şirkətlərdən “Azərfon”MMC, ”Bakcell”MMC, ”Azərcell”MMC, “Azərtelekom”MMC, ”Sinam”MMC komandaları iştirak edirlər.

Spartakiadanın ümumkomanda birinciliyində 1-3-cü yerləri tutan komandalar xatirə kubokları, ayrı-ayrı idman növlərində 1-3-cü yerləri tutan komandaların üzvləri və şəxsi yarışlarda 1-ci yeri tutan idmançılar qiymətli hədiyyələrlə təltif olunacaq.

Məlumat üçün bildirək ki, tədbirin təşkilatçıları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi və «Spartak» İdman Cəmiyyətidir.




22/10/11    Çap et