“Google Daydream” platformasını dəstəkləyən ilk avtonom şlem satışa çıxarılıb
“Lenovo” və “Google” şirkətləri “Mirage Solo” adlı virtual reallıq şleminin satışına başlayıb. Xatırladaq ki, bu model cari ilin yanvarında keçirilmiş “CES 2018” sərgisində təqdim edilib və dünyada “Google Daydream” platformasını dəstəkləyən ilk VR-qarnitur kimi xarakterizə edilir.
“ICTnews” Elektron Xəbər Xidməti “
ferra.ru” saytına istinadən yazır ki, virtual reallıq şleminin işləməsi üçün naqil, FK və ya smartfona qoşulma tələb olunmur. “Google Daydream” platforması “WorldSense” adlı hərəkət izləmə texnologiyasından istifadə edir. Platforma istifadəçiyə virtual məkanda sərbəst hərəkət etməyə imkan verir.
“Lenovo Mirage Solo” şlemi “Qualcomm Snapdragon 835” , 4 QB-lıq əməli yaddaş, 64 QB-lıq daşıyıcı ilə təchiz edilib. 5,5 düymlük displey 2560x1440 piksel təsvir ölçüsünə, 75 Hers tezliyə və 110 dərəcə baxış bucağına malikdir. 4000 milliamper/saat tutumunda olan daxili akkumulyator 7 saatadək avtonom işləməyə imkan verir. “Wi-Fi” (802.11ac), “Bluetooth 5.0” dəstəklənir, qulaqlıqlar üçün 3,5 mm-lik konnektor var. “Daydream” simsiz kontrolleri komplektə daxildir.
Emil Hüseynov