Üç yeni “HP EliteBook” noutbuku təqdim olunub
“HP” şirkəti “EliteBook” biznes noutbuklar çeşidini üç yeni modellə (755 G5, 745 G5 və 735 G5) genişləndirib.
“ICTnews” Elektron Xəbər Xidməti “
CHIP” resursuna istinadən yazır ki, “АMD Ryzen” platforması əsasında işləyən modellərin baza versiyasında 2/3,4 QHs takt tezlikli “Ryzen 3 2300U” prosessorundan istifadə olunub. Bundan başqa, “Ryzen 5 2500U” (2/3,6 QHs) və “Ryzen 7 2700U” (2,2/3,8 QHs) variantlarından yararlanmaq mümkündür.
Məlumata görə, bütün modellər “Full HD” təsvir ölçülü “IPS” ekranla təchiz edilib. “755 G5” noutbuku 15,6, “745 G5” 14, “735 G5” isə 13,3 düym diaqonallı ekrana malikdir.
Yeni qurğular digər texniki xüsusiyyətlərinə görə oxşardır. Operativ yaddaş 32 giqabayta bərabərdir. Quraşdırılmış yaddaşı 128-512 giqabayt tutumlu “SSD” toplayıcısı (6 Qbit/saniyə SATA interfeysli) və ya 256 yaxud 512 giqabayt tutumlu bərk cisimli toplayıcı (PCIe NVMe) təşkil edir.
Noutbuklar “Windows 10 Pro”, “Windows 10 Home” və ya “FreeDOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
Satışına bu ay başlanacaq noutbukların ilkin qiyməti min dollar təşkil edir.
Nizam Nuriyev