Elektromobillər üçün bərk cisimli akkumulyatorlar yaradılacaq
“Consortium for Lithium Ion Battery Technology and Evaluation Center” (LIBTEC) təşkilatı gələcək elektrik avtomobillər üçün qabaqcıl akkumulyatorların yaradılması ilə bağlı planlarını açıqlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
3DNews” resursuna istinadən yazır ki, yeni təşkilat Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin dəstəyi ilə yaradılıb. Təşəbbüsə artıq dövlət tərəfindən 1,6 milyard yen (təxminən 14 milyon dollar) məbləğində maliyyələşmə ayrılıb.
Məlumata görə, konsorsiuma “Panasonic”, “Toyota Motor”, “Nissan Motor”, “Honda Motor”, “GS Yuasa”, eləcə də “Toray Industries” və “Asahi Kasei” kimi məşhur texnoloji şirkətlər və avtomobil istehsalçıları daxildir.
Təşəbbüs iştirakçılarının başlıca məqsədi yüksək tutuma malik qabaqcıl bərk cisimli batareyaların yaradılmasından ibarətdir. Standart litium-ion akkumulyatorlardan fərqli olaraq onların bərk cisimli analoqları maye deyil, bərk elektrolitdən istifadə edirlər. Bu, istehsal prosesini sadələşdirməklə yanaşı, ondan istifadə təhlükəsizliyini artırır, çünki belə enerji mənbələrində sızma halları müşahidə olunmur. Bundan başqa, komponentlərin sayı azalır, maya dəyəri ucuzlaşır, effektivlik artır.
Planlaşdırılır ki, layihə çərçivəsində 2025-ci ilədək elektromobillərə bir dəfə enerji toplamaqla 550 km-dək məsafəni qət etməyə imkan verən yeni tip batareyalar yaradılacaq. Daha 5 il sonra bir dəfə enerji toplamaqla 800 km-dək məsafəni qət etməyə şərait yaradan akkumulyatorların buraxılacağı gözlənilir.
Nizam Nuriyev