Startapçı zərərli qazları oksigenə çevirəcək
Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi ilə "İdeyadan biznesə" layihəsi çərçivəsində birgə keçirdiyi startap turları davam edir. Məlum olduğu kimi, ilk startap turu Mingəçevir şəhərində keçirilib.
Yüksək Texnologiyalar Parkının, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, "Microsoft" şirkətinin təşkilatçı, "Azercell" şirkəti və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin tərəfdaşı olduğu startap turu zamanı keçirilən müsabiqədə Mingəçevir şəhəri üzrə birinci yerin sahibi "Oxy Generator" layihəsi ilə Rəhman Cəfərli olub.
Startap turunun ilk qalibi hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzində mütəxəssislərin köməyi ilə layihəsini təkmilləşdirir. O, qalib layihəsi ilə Bakıda keçiriləcək Milli Finala iştirak hüququ qazanıb. Bununla belə, qəhrəmanımız Milli Finalda da qalib gəlmək arzusundadır. Ümid edir ki, onun layihəsi biznes subyektinə çevrilməyi bacaracaq və 24-cü "Bakutel" Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi-Konfransı çərçivəsində layihəsini böyük auditoriya qarşısında təqdim ediləcək. Bəs gəlin görək, birinciliyə layiq görülən "Oxy Generator" layihəsinin məqsədi nədir?
Layihə və müəllif haqda daha ətraflı məlumat əldə etmək üçün üz tutduq Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzinə. Rəhman öz komanda yoldaşı ilə artıq iş başında idi. Qalibimiz deyir ki, Yüksək Texnologiyalar Parkının gülərüz və səmimi idarə heyəti, səliqəli və komfortlu iş otaqları onlara layihələrini daha tez bir zamanda inkişaf etdirməyə enerji verir.
"Hazırda layihə üzrə işlər ilkin mərhələdədir. Maket hazırlıqları üzərində çalışırıq. Bizə bu işdə "İdeyadan biznesə" startap turunun komandası kömək edir. Bizi qarşıda Milli Final gözləyir. Finalda birinci yer uğrunda mübarizəyə var gücümüzlə hazırlaşırıq" - deyə o qeyd edir.
"Oxy Generator" layihəsinin üzərində 3 il öncə çalışdığını bildirən həmsöhbətimiz Tayvanın Taypey şəhərində layihəsinin I yer tutduğunu da qeyd edib.
"Layihəmizin əsas məqsədi zavodlardan çıxan və ətraf mühiti çirkləndirən zərərli qazların zərərsizləşdirilərək, oksigenə çevrilməsini təmin etməkdir. Biz "Oxy Generator" layihəsi olaraq əvvəl ideya idik, sonra layihəyə çevrildik. İndi isə layihəmizi biznesə çevirmək istəyirik. Hədəfimiz gələcəkdə rəqibsiz şirkətə çevrilməkdir. Fürsətdən istifadə edib, ideyası olan bütün gənclərə səslənirəm ki, startap turları həqiqətən layihələrini həyata keçirmək üçün yaxşı şansdır. Qarşıdakı turlara siz də qoşulun və ideyanızı biznesə çevirin".
Qeyd edək ki, Rəhman Cəfərli Tibb Universitetində təhsil alıb. 40-dan çox beynəlxalq və yerli layihələrdə çalışıb.