Milyonlarla “Wikipedia” məqaləsi Aya göndəriləcək
ABŞ-ın “Arch Foundation” qeyri-kommersiya təşkilatı Aya qeyri-adi kitabxana göndərmək niyyətindədir. Kitabxana Yerin süni peykinin “Wikipedia” onlayn ensiklopediyasının metal üzərində çap edilən milyonlarla məqaləsi ilə təchiz edilməsini nəzərdə tutur.
“ICTnews” Elektron Xəbər Xidməti “
Life” resursuna istinadən yazır ki, aktivistlər Aya ensiklopediyanın ingilisdilli versiyasının indiyədək mövcud olan bütün arxivini göndərmək istəyirlər. Məqalələrin çap şəklində çəkisinin yüz minlərlə tona bərabər olacağına görə onların nikeldən ibarət xüsusi nanolövhəciklər üzərinə köçürülməsi planlaşdırılır. Beləliklə, milyonlarla mətn səhifəsini kompakt disk qutusu ölçüsündə lövhəciyə yerləşdirmək mümkün olacaq.
Bildirilir ki, layihənin ideyası bəşəriyyət nailiyyətlərinin onun yaşam mühitindən kənar surətinin yaradılmasından ibarətdir. Nikel təbəqələri üçün Yer peykinin aqressiv mühiti və parlaq günəş işığı təhlükə törətmədiyinə görə digər materiallardan fərqli olaraq korroziyaya uğramır. “Bizim arxivlərimiz milyonlar və ya milyardlarla il saxlanılacaq, sonra onları gələcək nəsillər taparaq oxuyacaq”, - “Arch Foundation” nümayəndəsi bildirib.
Qeyri-adi yükün göndərilməsi yaxın bir neçə ildə baş tuta bilər. Bu işdə fonda Aya özəl uçuşlar təşkil etməyi planlaşdıran “Astrobotic” müstəqil kosmik şirkəti kömək edəcək.
Nizam Nuriyev