47-ci epistolyar inşa müsabiqəsinin qalibləri mükafatlandırıldı
Ümumdünya Poçt İttifaqı (ÜPİ) 47 ildir ki, təşkilata üzv ölkələrin poçt adminstrasiyaları ilə birgə ümümtəhsil məktəbliləri arasında epistolyar (məktub şəkilində yazı) inşa müsabiqəsi keçirilir.
Ölkəmizdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə cari ilin fevral ayında start verilən növbəti epistolyar inşa müsabiqəsi artıq yekunlaşaraq qalibləri müəyyən olunub.
Müsabiqədə iştirak üçün 27 min 733 inşa yazısı təhvil verilsə də ümumilikdə 30 nəfər qalib seçilib.
Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "Azərpoçt "MMC" və Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Hər mövzu üzrə 1 qalib olmaqla 1-ci yer üzrə 3 nəfərin hər birinə 150 manat, hər mövzu üzrə 2 qalib olmaqla 2-ci yer üzrə 6 nəfərin hər birinə 100 manat, hər mövzu üzrə 3 qalib olmaqla 3-cü yer üzrə 9 nəfərin hər birinə 80 manat və hər mövzu üzrə 4 qalib olmaqla, həvəsləndirici yerlər üzrə 12 nəfərin hər birinə 50 manat məbləğində pul mükafatları, eyni zamanda Fəxri fərman və hədiyyələr təqdim olunub.
Mərasimdən öncə isə şagirdlər, onların valideynləri və müəllimləri "Azərpoçt" MMC-nın mərkəzi binasında ekskursiyada olublar.
Qeyd edək ki, müsabiqəyə "Təsəvvür edin ki, siz zaman üzrə səyahət edən bir məktubsunuz. Siz öz oxucularınıza hansı müraciəti çatdırardınız?", "Azərbaycan ordusu: 100 illik inkişaf yolu", "Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli şəxsiyyətləri" mövzuları təqdim edilmişdi. Birinci mövzu Ümumdünya Poçt İttifaqı, ikinci mövzu "Azərpoçt" MMC, üçüncü mövzu isə Təhsil Nazirliyi tərəfindən təklif edilərək təsdiqlənmişdi.
Məlumat üçün bildirək ki, Ümumdünya Poçt İttifaqının təklif etdiyi mövzu üzrə qalib elan edilən 9-cü sinif şagirdi Qələndərli Ləman Mahir qızına məxsus inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının İsveçrənin Bern şəhərində yerləşən mərkəzi ofisinə göndərilib. Müsabiqənin şərtlərinə görə, toplanan inşalar YUNESKO-nun təşkil etdiyi münsiflər heyətinə təqdim olunacaq. Sonda 3 əsas qalib və 5 laureat müəyyən olunur.
Qaliblər qızıl, gümüş, bürünc medallarla, laureatlar isə xüsusi hədiyyələrlə mükafatlandırılır.
Qızıl medalın sahibi olan məktəbli ÜPİ-nin Beynəlxalq Bürosunun mükafatını almaq üçün Bern şəhərinə dəvət olunur.
Gümüş və bürünc medalların sahiblərinin adları, ən yaxşı inşa yazısı ilə birlikdə "Poçt ittifaqı" jurnalında çap olunur.
Beynəlxalq Büro bu hadisənin mətbuatda hərtərəfli işıqlandırılmasını təmin etməklə, ictimaiyyətin diqqətini laureatların aid olduğu ölkələrə cəlb edir. Mükafatlandırma mərasimi hər il 9 oktyabrda Ümumdünya Poçt Günü keçirilir.
Xatırladaq ki, "Azərpoçt" MMC 1993-cü ildən ÜPİ-nin üzvüdür.