Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Özü bərpa olunan material yaradılıb


Karneqi-Mellon Universitetinin mütəxəssisləri tərəfindən yaradılmış material aldığı zədələrə baxmayaraq bərpa oluna bilir. Alimlər yeni materialın işini kiçikölçülü  tullanan robotun timsalında nümayiş etdiriblər.

Mütəxəssislər öz elmi işlərində elastomerlər – başlanğıc vəziyyətindən bir neçə dəfə artıq ölçüyədək uzadıla bilən elastik materiallar haqda söhbət açıblar. Onlar qeyd edirlər ki, elastomerlərin plastikliyinə baxmayaraq, belə elektrik keçiriciləri zədələnməyə meyillidir. Mühəndislər bu problemi həll etmək üçün yeni material yaradıblar.

Material yumşaq elastomerə yerləşdirilmiş maye metal damcılarından ibarətdir. Damcılar parçalandıqda yeni birləşmələr yaradırlar; elektrik zənciri qorunub saxlanılır, ona görə elektrik siqnalı fasiləsiz ötürülür.
Alimlər belə düşünürlər ki, gələcəkdə bu material fövqəladə vəziyyətlərdə öz konstruksiyasına zərər vurmadan fəaliyyət göstərə bilən robot-xilasedicilər yaratmağa imkan verəcək.

Emil Hüseynov







23/05/18    Çap et