Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən kompakt oyun noutbuku nümayiş olunub


“Razer” şirkəti yeni “Razer Blade” oyun noutbukunu təqdim edib. İstehsalçı onu dünyanın ən kompakt qurğusu kimi qələmə verir.

“ICTnews” Elektron Xəbər Xidməti “CHIP” resursuna istinadən yazır ki, model 60 kadr tezlikli və ya 144 Hs “Full HD” (1920х1080) təsvir ölçülü yaxud 60 Hs kadr tezlikli “4К” (3840×2160) piksel təsvir ölçülü 15,6 düym diaqonallı “IPS” ekranla təchiz edilib. Noutbukun qabaritləri 355x235x16,8 - 17,3 mm, komplektasiyadan asılı olaraq çəkisi isə 2,07 - 2,15 kq təşkil edir.

Yeni qurğunun əsasını 2,2-4,1 QHs takt tezlikli güclü altınüvəli “Intel Core i7-8750H” prosessoru təşkil edir. Seçim üçün iki növ videokart təklif olunur: 6 giqabaytlıq yaddaşa malik “Nvidia GTX 1060 Max-Q” və ya 8 giqabaytlıq yaddaşa malik “GTX 1070 Max-Q”. Operativ yaddaş “DDR4-2667” MHs formatlı 16-32 giqabayt, quraşdırılmış yaddaş 512 giqabayt - 2 terabayt tutumlu “SSD PCIe NVMe” modul təşkil edir.

“Razer Blade” noutbukunun “GTX 1060” videokartı ilə təchiz edilən versiyası 1900 dollara, “GTX 1070” videokartına malik versiyası isə 2400 dollara təklif olunur.

Nizam Nuriyev
 







24/05/18    Çap et