Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“İdarəetmə texnologiyaları və iqtisadiyyat” üzrə yarış keçirilib
“Qaradağ Sement” ASC və “Junior Achievement Azərbaycan” təşkilatı Sahil və Ümid qəsəbələrinin 5 məktəbində müasir informasiya texnologiyalarının tətbiqi ilə “İdarəetmə texnologiyaları və İqtisadiyyat” üzrə yarış keçirib.
Yarış, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə strateji əməkdaşlıq çərçivəsində “Qaradağ Sement” ASC və “Junior Achievement Azərbaycan” təşkilatı tərəfindən həyata keçirilən “Məktəblərdə Müasir Biznesin Tədrisi Proqramı”nın tərkibində reallaşır.
Qaradağ rayonunun 273, 294, 228, 319 və 9 saylı xüsusi internat məktəbini təmsil edən 10 komanda iki qrup daxilində mübarizə aparıb. Yarış zamanı iştirakçılar modelləşdirilmiş virtual şirkətin baş icraçı meneceri kimi çıxış edərək, məhsulun qiymətini və istehsalın həcmini təyin edir, marketinq xərcləri, kapital qoyuluşu və elmi-tədqiqat işlərinə yönəldilən vəsaitlər üzrə qərarlar qəbul ediblər. Qəbul edilən qərarlar komandanın uğuru, yaxud itkisi ilə nəticələnib.
Altı dövrdən ibarət yarışın nəticəsində 319 və 228 saylı məktəbləri təmsil edən iki komanda hər qrup üzrə qalib elan edildi. Bütün iştirakçı şagirdlər və qalib komandalar “Qaradağ Sement” ASC tərəfindən mükafatlar qazanıb.
2010-cu ilin oktyabr ayında başlanan proqramın vasitəsilə 940 yuxarı sinif şagirdi iqtisadiyyat və biznes sahəsində tədrisini davam etdirir. Proqramda Sahil qəsəbəsindən 253, 273, 228, 319 saylı orta məktəb və 9 saylı xüsusi internat məktəb, Ümid qəsəbəsindən 294 saylı məktəb iştirak edir.
Proqramın gedişatında Junior Achievement Azərbaycan təşkilatı tərəfindən 6 müəllim sahibkarlığın əsasları, maliyyə savadı və iqtisadiyyat fənninin tədrisi üzrə təlim alıb, məktəblilər yeni metodologiyanın istifadəsilə biznes yarışı və sahibkarlıq üzrə təlimlərdə iştirak ediblər.
24/10/11 Çap et