Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İşığın təsiri altında suyu təmizləyən material yaradılıb


Çin alimləri işığın təsiri altında çirkləndirilmiş suyu təmizləyən yeni material ixtira ediblər. Bu barədə Çin Elmlər Akademiyasının Şanxay Silikat Turşuları İnstitutunun məlumatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, materialın əsasını qrafen və titan 4-oksid qatışığı təşkil edir. İnstitutun elmi rəhbəri Xuan Futsyanın sözlərinə görə, qrafen üçölçülü struktur sayəsində çirki özünə çəkir, titan 4-oksidi isə fotokatalizator olmaqla zəhərli orqanik maddələrin fotokimyəvi deqradasiyası prosesini sürətləndirir.

Məlumata görə, institut əməkdaşları bir ay ərzində texnologiyanı Şanxay və Çinin şərqində Anhoy və Tsyansu əyalətləri ərazisində sınaqdan keçiriblər. Sınaqların nəticələrinə görə, çay və göllərdə suyun keyfiyyət göstəriciləri yeni materialla örtülən şəbəkələr yerləşdirildikdən iki həftə sonra xeyli yüksəlib.

Çin alimlərinin texnologiyası artıq sənaye miqyasında istehsal edilməyə başlayıb. Ağır metalların qatılığını effektiv şəkildə azaltmağa imkan verən material sənaye çirkab sularının təmizlənməsi üçün geniş istifadə oluna bilər.

Nizam Nuriyev






25/05/18    Çap et