“Facebook” məişət xidməti ustalarının axtarışı üçün servis istifadəyə verib
“Facebook” şirkəti “Marketplace” ticarət platformasının əsasında məişət işləri ustalarının axtarışı üçün servis istifadəyə verib. Hazırda ABŞ-da istifadəyə verilən servisin digər ölkələrdə işə salınacağı barədə məlumat verilmir.
“ICTnews” Elektron Xəbər Xidməti “
IGate” resursuna istinadən yazır ki, istifadəçilər yeni servisin köməyi ilə evin təmiri və təmizlənməsi üzrə ustalar, sanitar-texnik və digər mütəxəssislər tapa biləcəklər. Sosial şəbəkənin məlumatına görə, “Facebook” minlərlə peşəkar podratçının çalışdığı “Handy”, “HomeAdvisor” və “Porch” kimi şirkətlərlə əməkdaşlıq edir.
Məlumata görə, ABŞ-da məişət işləri ustalarının axtarışı üzrə oxşar imkanları “Angie's List” və “Amazon Home Services” şirkətləri də təklif edir.
“Facebook” nümayəndələri bildirib ki, yeni servis ABŞ istifadəçiləri tərəfindən bənzər xidmətlərə yüksək tələbatın olmasına görə istifadəyə verilib.
“Marketplace” platformasının inkişaf üzrə vitse-prezidenti Debor Lyunun sözlərinə görə, ABŞ-da insanları digər mövzularla müqayisədə daha çox ev xidmətləri ilə əlaqədar tövsiyələr maraqlandırır.
Nizam Nuriyev