Artırılmış və virtual reallıq bazarında ikiqat artım gözlənilir
“IDC” şirkətinin analitikləri artırılmış və virtual reallıq (“AR” və “VR”) həlləri bazarında təxminən ikiqat artım proqnozlaşdırır. Hələlik belə texnologiyalar əsasən istehlakçılar tərəfindən istifadə olunur, amma biznes seqmenti də tədricən belə həllərə maraq göstərir.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssislərin gözləntilərinə görə, 2018-ci ildə AR/VR sahəsində avadanlıq, proqram təminatı və xidmətlərə sərf ediləcək qlobal xərclər ötən illə müqayisədə 92% artaraq 27 milyard dollar təşkil edəcək. 2017-2022-ci illərdə bu bazarın həcmi ildə təxminən 71,6% artacaq.
Yaxın 5 ildə istehlak seqmenti artırılmış və virtual reallıq bazarının ən böyük seqmenti olaraq qalacaq. 2022-ci ilədək istehlak bazarında AR və VR ilə bağlı qurğu, proqram təminatı və xidmətlərə sərf ediləcək qlobal xərclərin həcmi 22 milyard dollara yaxınlaşacaq.
Nəqliyyat sahəsi, pərakəndə sektor və diskret istehsal müəssisələrində bu texnologiyalara xərclərin həcmi 56 milyard dollar təşkil edəcək.
Ən böyük artım tempi (ildə 119,3%) pərakəndə seqmentində qeydə alınacaq. Bundan başqa, virtual və artırılmış reallıq sahəsində həllər film və televiziya verilişləri istehsalı, laboratoriya tədqiqatları və texniki xidmət kimi sahələrdə geniş tətbiq ediləcək.
Emil Hüseynov