Dünyada smartfon istehsalı 5,3 faiz artıb
Cari ilin yanvar-martında dünyada 340 milyondan çox smartfon buraxılıb. Bu, ötən ilin göstəricisindən 5,3 faiz çoxdur. Bu barədə “TrendForce” şirkətinin “DRAMeXchange” analitik bölməsinin hesabatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm
www.dailycomm.ru” resursuna istinadən yazır ki, 2018-ci ilin ikinci rübündə mütəxəssislər tərəfindən smartfon istehsalının əvvəlki rüblə müqayisədə daha 5 faiz – 360 milyon ədədədək artacağı proqnozlaşdırılır. Artımı yenidən dünyada iştirakını genişləndirən Çin brendləri təmin edəcək.
Ayrı-ayrı istehsalçıların dinamikasına gəldikdə, “Samsung” şirkəti hesabat dövründə smartfon istehsalını 9 faiz azaldıb. Azalmanın Çin şirkətləri ilə aparılan qiymət rəqabəti səbəbindən baş verməsi bildirilir. Qiymətləndirməyə görə, ikinci rübdə “Samsung” birinci rübdə olduğu kimi 73 milyon smartfon istehsal edəcək.
“iPhone 8”, “iPhone 8 plus” və “iPhone X” modellərinə tələbatın zəif olmasına baxmayaraq “Apple” şirkəti birinci rübün yekunlarına görə təxminən 56 milyon smartfon istehsal edərək bir il əvvəlki göstəricini 7,5 faiz yaxşılaşdırıb. Artımı daha köhnə “iPhone” modelləri təmin edib. İkinci rübdə “iPhone” istehsalının 41 milyon ədədədək azalacağı ehtimal edilir.
Həmçinin “TrendForce” nümayəndələri qeyd edib ki, “Huawei” şirkəti “Samsung” və “Apple”dan sonra dünyada üçüncü ən böyük smartfon istehsalçısı olaraq qalır. ABŞ bazarında müəyyən çətinliklərə baxmayaraq “Huawei” beynəlxalq aləmdə fəaliyyətini genişləndirməklə Avropa və Hindistanda mövqeyini möhkəmləndirir. Analitiklərin fikrincə, yanvar-martda smartfon istehsalını 10 faiz artıran şirkət buraxılış həcmini daha 8 faiz yüksəldə bilər.
Bundan başqa, hesabatda “Xiaomi” şirkətinin “Oppo” istehsalçısını üstələyərək iri smartfon istehsalçıları reytinqində dördüncü yeri tutması ilə bağlı imkanlara malik olması qeyd edilir. Birinci rübdə “Xiaomi” 27 milyon smartfon istehsal edərək beşinci mövqedə qərarlaşıb.
Nizam Nuriyev