Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakcell Azərbaycanda ilk dəfə həyata keçirilən "Mobile Monday Baku" layihəsinə qoşulur
Azərbaycanın ilk mobil operatoru Bakcell şirkəti Xəzər İnvestisiya Mərkəzi (XİM) ilə birgə Mobile Monday (MoMo) beynəlxalq şəbəkəsinin rəsmi tərəfdaşı olub.
Şirkətdən verilən məlumata görə, oktyabrın 24-də Bakıdakı "Hilton" hotelində keçirilmiş MoMo Bakı-nın rəsmi təqdimat mərasimində yerli İKT şirkətləri və media nümayəndələrinə Azərbaycanda yeni olan bu unikal mobil sosial şəbəkənin konsepsiyası təqdim edilib.
Bu layihəyə, həmçinin, Azərbaycan Gənclər və İdman Nazirliyi və Dünya Bankının InfoDev layihəsi tərəfindən dəstək verilir.
Finlandiyanın Henlsinki şəhərində 2000-ci ildə yaradılmış Mobile Monday (MoMo) şəbəkəsi mobil rabitə sənayesinin əsas təmsilçiləri, bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər və digər səlahiyyətli insanlar arasında əməkdaşlıq və biznes imkanları yaradan açıq cəmiyyət platformasıdır. Bakı dünya üzrə Mobile Monday şəbəkəsinə qoşulmuş 123-cü şəhərdir.
Azərbaycanda MoMo-nun əsas vəzifəsi yerli və dünya mobil bazarındakı ən son texnologiyaların köməyi ilə ölkənin mobil sektorunda innovasiyaların tətbiq edilməsini və müasir texnologiyalar vasitəsilə yeni layihələrin həyata keçirilməsini təşviq etməkdir.
Hər ayın bir bazar ertəsi günü mobil operatorların nümayəndələri, İKT şirkətləri və mobil texnologiyalar üzrə gənc mütəxəssislər qeyri-rəsmi şəraitdə bir araya gələrək, mobil bazardakı ən qabaqcıl trendlər, tədqiqatlar və inkişaf proqnozları ətrafında fikir mübadiləsi aparacaq və ən son mobil texnologiyalardan istifadə etməklə yeni layihələrin yaradılması imkanlarını araşdıracaqlar.
MoMo Bakı-nın təsisçisi olan Xəzər İnvestisya Mərkəzinin prezidenti Elşən Musayevin sözlərinə görə, bu layihə Azərbaycanın biznes sektoru üçün olduqca vacib bir layihə olacaq.
"Hesab edirəm ki, bu mobil sosial şəbəkə vasitəsilə yeni texnologiyaların Azərbaycana gətirilməsinə nail olunacaq və mobil texnologiyalardan istifadə etməklə yeni bizneslərin yaradılmasının təməli qoyulacaq", - o deyib.
Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer MoMo Bakı-nın rəsmi təqdimat mərasimində çıxışı zamanı Azərbaycanda bu cür qabaqcıl mobil şəbəkənin yaradılmasının ölkənin mobil sektorunun gələcək inkişafı üçün vacibliyini qeyd edib. "Mobil sənaye istənilən cəmiyyətin formalaşdırmasında əsas rol oynayır.
Bütün dünyada uğurla həyata keçirilən MoMo şəbəkəsi yeni bilik və ideyaların yayılması və yenilikçi ideyalara malik olan insanların, xüsusilə də gənclərin cəlb edilməsi vasitəsilə bu dinamik sənayenin yeni uğurlara nail olmasına kömək edəcək.
İnnovasiyalar Bakcell şirkətinin fəaliyyətinin əsasını təşkil edir və biz Azərbaycanda MoMo-nu dəstəkləyən əsas şirkət olmağımızla fəxr edirik.
Bizim məqsədimiz bazarın tez-tez dəyişən şərtlərinə ən son texnoloji yeniliklərin tətbiqi və dəyərli müştərilərimizə böyük imkanlar verən yeni layihələrin həyata keçirilməsi ilə cavab verməkdir. İnanıram ki, MoMo Azərbaycan mobil bazarında yeni texnoloji layihələrin yaradılmasına təkan verəcək əhəmiyyətli bir şəbəkə olacaq", - o deyib.
Qeyd etmək lazımdır ki, Almaniya, Finlandiya, Norveç, Ukrayna, Rusiya, Macarıstan, Rumıniya, İsveçrə, Kanada, İrlandiya, Yeni Zelandiya, Danimarka və Türkiyə kimi inkişaf etmiş ölkələr artıq MoMo şəbəkəsinin üzvləridir.
Mobile Monday Bakı haqqında daha ətraflı məlumatı www.mobilemonday.az və www.momo.az internet səhifələrindən əldə etmək olar.
25/10/11 Çap et