“Lenovo Z5” adlı çərçivəsiz smartfon təqdim olunub
Çərçivəsiz displey və "ağıllı" kameralarla təchiz edilmiş "Lenovo Z5" smartfonu rəsmən təqdim olunub.
"ICTnews" Elektron Xəbər Xidməti "
dailycomm.ru" saytına istinadən yazır ki, yeni aparat 1,8 QHs takt tezlikli səkkiznüvəli "Qualcomm Snapdragon 636" prosessoru və "Adreno 509" qrafik sürətləndiricisi, 2246x1080 piksel təsvir ölçülü, 500 nit parlaqlı və "Corning Gorilla Glass" qoruyucu şüşəsinə malik 6,2 düymlük displeylə təchiz edilib. Displey qurğunun ön səthinin 90%-ni tutur.
Əsas kamera 16 və 8 meqapiksellik iki təsvir datçikinə malikdir. Ön kamera 8 meqapiksellik matrisdən ibarətdir və "selfi" şəkillərin keyfiyyətini yaxşılaşdıran, telefonu blokdan çıxarmağa imkan verən süni intellekt alqoritmləri ilə təchiz edilib.
Əməli yaddaşın tutumu 6 QB, daxili fləş yaddaşın tutumu isə 128 QB təşkil edir. 256 QB-dək tutuma malik "MicroSD" çıxarılan taxılan yaddaş kartlarını qoşmaq mümkündür.
Smartfonda, həmçinin barmaq izi skaneri, "4G VoLTE", "Wi-Fi 802.11ac", "Bluetooth 5" və "GPS" simsiz rabitə modulları, 3300 milliamper/saat tutumunda olan akkumulyator batareyası (sürətli enerji doldurma funksiyasını dəstəkləyir) quraşdırılıb.
Smartfonun ölçüləri 153x75,65x7,85 mm, çəkisi 165 qr təşkil edir və "Android 8.1 Oreo" sisteminin idarəetməsi altında işləyir.
"Lenovo Z5" modelinin qiyməti 200 dollar təşkil edəcək və üç rəngdə əlçatan olacaq.
Emil Hüseynov