Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ümumdünya Poçt İttifaqının payız sessiyası başlayır


Oktyabrın 24-də İsveçrənin paytaxtı Bern şəhərində Ümumdünya Poçt İttifaqının (ÜPİ) Administrativ Şurasının payız sessiyası öz işinə başlayır.

Administativ Şuranın üzvlüyünə 4 il müddətinə seçilən Azərbaycan ÜPİ-nin işinə öz töhfəsini verir və üzvlüklə bağlı bütün öhdəliklərini layiqincə yerinə yetirir.

Ölkənin poçt administrasiyası Şuranın əksər komissiyalarının, layihə və işçi qruplarının tərkibinə daxildir və beynəlxalq cəmiyyətdə təşkilatın fəal üzvü kimi imic qazanıb.

Budəfəki sessiyanın təqvim planına ÜPİ-nin müxtəlif layihə və işçi qruplarının, eləcə də komissiyalarının iclasları daxildir. Sessiyada beynəlxalq poçtun inkişafına aid bir sıra mühüm məsələlərin müzakirəsi aparılacaq.

Onların sırasında Azərbaycanda Dünya Bankının (DB) maliyyə dəstəyi ilə həyata keçirilən və respublikanın poçt infrastrukturunun bazası əsasında maliyyə xidmətlərinin göstərilməsinə yönələn “Maliyyə xidmətlərinin inkişafı” layihəsi ilə bağlı yekun və perspektivlər də var.

Bu layihəni uğurla həyata keçirmiş Azərbaycan Ümumdünya Poçt İttifaqı tərəfindən digər dövlətlərə poçt sektorunda analoji layihələrin tətbiqi üçün nümunəvi ölkə kimi göstərilib və Azərbaycan nümayəndə heyətinin üzvləri sessiya çərçivəsində bu layihənin təqdimatı üçün dəvət alıblar.

Qeyd edək ki, respublikanı sessiyada Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları təmsil edəcəklər. Onların sessiyanın ən mühüm tədbirlərində iştirakı gözlənilir.




25/10/11    Çap et