İkiqat kameraya malik “Xiaomi Redmi 6” rəsmən təqdim olunub
"Xiaomi" şirkəti bu gün "Xiaomi Redmi 6" adlı ucuz smartfonunu, həmçinin "Redmi 6A" adlı smartfonunu təqdim edib.
Maraqlıdır ki, "Xiaomi" şirkəti uzun fasiləsindən sonra yenidən "Mediatek" prosessorlarından istifadəyə dair qərar verib. "Redmi 6" smartfonu 12 nanometrlik texnoloji proses üzrə hazırlanmış səkkiznüvəli "Helio P22" prosessoru ilə təchiz edilib. "PowerVR GE8320" video sürətləndiricisi qrafik imkanları təmin edir. Alıcılar 3 və ya 4 QB-lıq əməli yaddaşa (müvafiq olaraq 32 və 64 QB-lıq daxili yaddaş) malik versiyalar arasında seçim edə biləcəklər. Bundan başqa, arxa qapaqda daktiloskopik sensor yerləşdirilib.
"ICTnews" Elektron Xəbər Xidməti "
4pda.ru" saytına istinadən yazır ki, yeni aparatda HD+ (1440x720 piksel) təsvir ölçülü və tərəflər nisbəti 18:9 olan 5,45 düym diaqonallı tam ölçülü ekrandan istifadə olunur.
"Redmi 6" smartfonu 12 və 5 meqapiksellik sensorlara malik ikiqat əsas kamera və işıq diodu işıqlandırıcısına malikdir. Ön kameranın təsvir ölçüsü 5 meqapikseldir. Həm ön, həm də arxa kameralar süni intellekt funksiyalarından istifadə edə biləcəklər. Həmçinin hər iki modul portret şəkillər üçün bulandırma effektini dəstəkləyir.
"Redmi 6A" modelində dördnüvəli "Mediatek Helio A22" prosessorundan istifadə edilir. Bu prosessor, həmçinin 12 nanometrlik texnoloji proses üzrə hazırlanıb və 2,0 QHs takt tezliyində işləyir. Bu aparatın displeyi "Redmi 6" cihazında olduğu kimidir, amma əsas kameranın təsvir ölçüsü dəyişdirilib: 13 meqapiksellik sensora malikdir. Bundan başqa, "Redmi 6A" smartfonunda barmaq izləri skaneri nəzərdə tutulmayıb.
Hər iki qurğu "Android 8.1 Oreo" mobil əməliyyat sisteminə əsaslanan "MIUI 10" interfeysi ilə işləyir. Hər iki modelin həm ölçüləri (147,46x71,4x8,3 mm), həm də akkumulyatorlarının tutumu (3000 milliamper/saat) eynidir. "Redmi 6" cihazının çəkisi 146 qr, "Redmi 6A" isə 145 qr-dır. Sözügedən smartfonlar 4 rəngdə (boz, mavi, qızılı və qızılı-çəhrayı) əlçatan olacaq.
Emil Hüseynov