Avropa Nüvə Tədqiqatları Mərkəzi hissəciklər axtaracaq alqoritmin yaradılması üçün müsabiqə elan edib
Avropa Nüvə Tədqiqatları Mərkəzi (Conseil Européen pour la Recherche Nucléaire - CERN) elmi ictimaiyyətə kömək üçün müraciət edərək “Kaggle” platforması əsasında müsabiqə elan edib. Qalib yeni hissəciklərin effektiv axtarışı və analizi ilə məşğul olacaq alqoritm hazırlayacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “
Naukatv” resursuna istinadən yazır ki, kainatın nədən ibarət olmasını anlamaq üçün “CERN” alimləri silisium detektorları vasitəsilə protonları toqquşdurur və onların işini izləyirlər. Belə eksperimentlərin təşkili və izlənilməsi böyük elmi nailiyyət hesab edilsə də, əldə olunan məlumatların həcmi o qədər böyükdür ki, onun analizini aparmaq qeyri-mümkün məsələyə çevrilir. Proseslərin sürəti artıq saniyədə yüz milyonlarla toqquşmaya çatıb ki, bu da fizikləri ildə onlarla petabayt tutumlu məlumatı öyrənməyə məcbur edir. Bununla əlaqədar daha perspektivli prosesləri emal edəcək və filtrdən keçirəcək yeni proqram təminatına ehtiyac yaranır.
Məlumata görə, problemin həlli üçün təşkilatın kompüter təlimi üzrə ekspertlər qrupu və fizikləri tərəfindən “Kaggle” platforması (proqnozlaşdırma, analitika və alqoritmlərin yaradılması üzrə yarışma üçün platforma) bazasında neyron şəbəkəsinin yeni hissəciklər aşkar edərək onları xarakterizə etməsi ilə bağlı sualı cavablandırmağa kömək edəcək yarış təşkil edilib.
Bildirilir ki, yarış iştirakçılarına silisium detektorlarında qalan hissəciklərin trayektoriyasını yaradacaq alqoritm hazırlamaq təklif olunur. Müsabiqənin ilkin mərhələsində mərkəz tərəfindən sintezlənmiş 100 giqabayt tutumlu məlumatları analiz edərək hissəciklərin trayektoriyasını proqnozlaşdırmaq tələb olunur. İkinci mərhələdə iştirakçılar “Kaggle” platforması tərəfindən qiymətləndirilən proqram təminatı təqdim edirlər. Birinci mərhələnin üç qalibi müvafiq olaraq 12 min, 8 min və 5 min dollar məbləğində pul mükafatına layiq görüləcək. Müsabiqə barədə ətraflı məlumatla “Kaggle” saytında tanış olmaq mümkündür.
Qeyd edək ki, elementar hissəciklər fizikası sahəsində tədqiqatlarla məşğul olan dünyanın nəhəng təşkilatı 1954-cü ildə 12 iştirakçı ölkə tərəfindən təsis edilib. Hazırda “CERN”-də müxtəlif ölkələri təmsil edən 90 fizik çalışır.
Cenevrə yaxınlığında – İsveçrə və Fransa sərhədində yerləşən təşkilat iştirakçı dövlətlər tərəfindən maliyyələşdirilir. Əsas sponsorlar arasında Almaniya, Fransa və Böyük Britaniya yer alıb.
Avropa təşkilatının başlıca uğuru eksperimental hissəciklər fizikasının standart modelinin təsdiq olunması hesab edilir.
Belə ki, 2012-ci ildə Böyük Adron Kollayderində (BAK) - dünyanın nəhəng doldurulmuş hissəciklər sürətləndiricisində Hiqqs bozonunun mövcudluğu təsdiq olunub, 1970-ci ildə “CERN” elektron pozitron sürətləndiricisində zəif aralıq vektor bozonlar kəşf edilib.
Avropa laboratoriyası internetin yaradıcısı da hesab edilir: 1980-ci illərin sonunda “CERN”-də sınaq məlumatlarının emalı üçün britaniyalı alim Tim Berners-Li və niderlandlı Robert Kayo “World Wide Web” (WWW) internet texnologiyasını kəşf edib. Ona hiperlinklər, məlumat bazası və sənədlərin redaktə edilməsi texnologiyası daxil olub.
Nizam Nuriyev