Videooyunlardan asılılıq xəstəliklər siyahısına daxil edilib
Ümumdünya Səhiyyə Təşkilatı videooyunlardan asılılığı xəstəliklər və pozğunluqlar siyahısına daxil edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
Qazeta” resursuna istinadən yazır ki, videooyunlardan asılılıq 2022-ci ildə qüvvəyə minəcək Xəstəliklərin Beynəlxalq Təsnifatının (International Classification of Diseases, ICD) 11-ci variantına daxil edilib.
Qeyd olunur ki, müvafiq diaqnoz oyunlara görə insanın həyatında, işində və ya təhsilində problemlər yaranan zaman qoyulacaq.
Təşkilat nümayəndələrinin sözlərinə görə, oyun asılılığı oyun sessiyalarının tezliyinə və davametmə müddətinə, oyunlara sərf edilən vaxtın davamlılığına nəzarət qabiliyyətinin mütəmadi və ya dövri pozulması, eləcə də mənfi nəticələr yaranan zaman oyunu dayandırmaq bacarığının olmaması ilə xarakterizə olunur. Oyunlardan asılılıq mövcud olduğu halda insan onları digər maraqlardan və gündəlik fəaliyyətdən üstün tutur.
Bildirilir ki, oyun asılılığı simptomları uzun müddət ərzində həm fasiləsiz inkişaf edə, həm də mütəmadi yarana bilər.
Qeyd edək ki, Xəstəliklərin Beynəlxalq Təsnifatı xəstəliklər və ölüm halları barədə məlumatlar toplamağa imkan verən dünya standart metodikasıdır. Standartlaşdırma müxtəlif ölkələrin tibb sahəsi işçilərinə daha effektiv informasiya mübadiləsi etməyə imkan verir ki, bu da son nəticədə müxtəlif xəstəliklərlə mübarizədə daha səmərəli üsulların müəyyənləşdirilməsinə şərait yaradır. Hazırda 1990-cı ildə yaradılan Xəstəliklərin Beynəlxalq Təsnifatının yenidən işlənmiş 10-cu variantından (XBT - 10) istifadə olunur və onun Ümumdünya Səhiyyə Təşkilatına (World Health Organization - WHO) üzv dövlətlərdə 1994-cü ildən tətbiqinə başlanılıb.
Nizam Nuriyev