Haker qruplaşması peyk rabitəsi operatorları üzərində nəzarəti ələ keçirib
“Symantec” şirkətinin təhlükəsizlik sahəsi üzrə mütəxəssisləri Çində yerləşən kompüterlərdən işə salınan mürəkkəb haker kampaniyasını aşkarlayıblar. Kampaniya zamanı hakerlər ABŞ və Cənub-Şərqi Asiyanın peyk rabitəsi operatorları, müdafiə podratçıları və telekommunikasiya şirkətlərinin kompüterlərinə müdaxilə etməyə nail olublar. Məqsədin casusluq, hərbi və mülki məlumatların ələ keçirilməsi olduğu bildirilir.
“ICTnews” Elektron Xəbər Xidməti “
Hi-News” resursuna istinadən yazır ki, bu gün hansı məlumatların ələ keçirilməsini demək çətindir. Lakin hakerlər tərəfindən peyklərin idarəetməsinin həyata keçirildiyi kompüterlərin yoluxdurulması daha böyük narahatlıq doğurur. Bu, onlara orbital qurğuların mövqeyini dəyişməyə və məlumatların ötürülməsini pozmağa imkan verir. Bunun nəticəsində mülki və hərbi obyektlərin fəaliyyətinə ziyan dəyə bilər.
Məlumata görə, hazırda təhlükəsizlik bərpa edilib və kompüterlər hakerlərin nəzarətindən çıxarılıb.
Müdaxilə barədə informasiya ABŞ Federal Təhqiqatlar Bürosu və Daxili Təhlükəsizlik Departamentinə, eləcə də Asiyanın müdafiə məsələləri üzrə dövlət agentliklərinə və digər müdafiə qurumlarına təqdim edilib. “Symantec” şirkəti hücuma görə “Thrip” haker qruplaşmasının məsuliyyət daşıdığını bildirir. Qruplaşmanın son aktivliyi 2013-cü ildə müşahidə edilib.
Nizam Nuriyev