Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” sistemi üçün təhlükəli virus aşkarlanıb


“ESET” şirkətinin mütəxəssisləri “Android” əməliyyat sistemi üçün faydalı proqramlar şəklində yayılan yeni virus aşkarlayıblar. Bu barədə şirkətin press-relizində deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, “HeroRat” adlanan zərərli proqram qeyri-rəsmi mağazalarda saxta əlavələr yükləyən istifadəçilərə hücum edir. Cinayətkarlar istifadəçiləri sosial şəbəkələrdə abunəçilər arasında tanıtdırmaq və ya müəyyən məbləğdə kriptovalyuta hədiyyə etmək vədi ilə “tələyə” salırlar. Yoluxdurulmuş alqoritm işə salındıqdan sonra proqramlar səhv haqqında məlumatlar və süni özünüməhvi göstərir. Əslində isə alqoritmin fəaliyyəti davam edir.

Məlumata görə, “HeroRat” ələ keçirilmiş qurğunu tam nəzarət altına alır: mobil qurğunun trafikini ələ keçirir, qurğuda saxlanılan informasiyanı oğurlayır və funksiyalarını müstəqil şəkildə dəyişir. Kibercinayətkarlar virusu “Telegram” messencerində bot vasitəsilə məsafədən idarə edirlər.

Müəlliflər troyanı üç dəstdə satışa çıxarıblar. Funksiya dəstindən asılı olaraq zərərli alqoritmin qiyməti 25-100 dollar arasında dəyişir. Əsas kod hakerlər tərəfindən 650 dollar qiymətləndirilir.

Kibertəhlükəsizlik üzrə mütəxəssislər “Android” istifadəçilərinə qeyri-rəsmi əlavələr mağazalarına daxil olmamağı tövsiyə edirlər. Onların məlumatına görə, “Google Play” mağazasında bu təhlükə mövcud deyil.

Nizam Nuriyev






22/06/18    Çap et