17 il bundan əvvəl təqdim edilmiş “Windows XP” sisteminin bazar payı yüksəlib
“NetMarketShare” analitik xidmətinin məlumatına görə, təxminən 17 il bundan əvvəl təqdim edilmiş “Windows XP” əməliyyat sisteminin bazar payı yüksəlib.
2018-ci ilin mayına olan məlumata görə, dünyadakı masaüstü və noutbukların 5,04%-i “Windows XP” sisteminin idarəetməsi altında işləyir. Apreldə bu göstərici 4,36% olub. Ümumilikdə “Windows XP” platformasının populyarlığı azalmağa doğru gedir, ancaq bununla belə bəzi aylarda sistemin populyarlıq göstəricisi yüksəlir.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, “NetMarketShare” xidmətinin məlumatına görə, “Windows 7” platforması masaüstü və noutbuklar üçün ən populyar əməliyyat sistemi olaraq qalır. Mayda sözügedən sistemin bazar payı 41,8% təşkil edib.
2018-ci ilin iyununda “Microsoft”un nümayəndəsi 700 milyon qurğunun “Windows 10” sisteminin idarəetməsi altında işlədiyini bildirmişdi. Qeyd edək ki, sözügedən platforma 2015-ci il iyulun sonunda təqdim edilib. “Microsoft” şirkəti 2018-ci ilədək “Windows 10” sisteminin idarəetməsi altında işləyən qurğuların sayının 1 milyarda çatacağını proqnozlaşdırsa da, sonradan bunun mümkün olmadığını etiraf etmişdi.
Emil Hüseynov