Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir Genişzolaqlı İnkişafa dair Komissiyanın Sammiti çərçivəsində keçirilən panel sessiyasında əsas məruzəçi kimi çıxış etmişdir


24-27 oktyabr tarixində İsveçrənin Cenevrə şəhərində “İTU Telecom World 2011” beynəlxalq telekommunikasiya sərgi-konfransı, həmçinin BMT çərçivəsində fəaliyyət göstərən Genişzolaqlı İnkişafa dair Komissiyanın Sammiti və 4-cü toplantısı keçirilmişdir.

Tədbirlərdə dövlət və hökumət başçıları, nazirlər, İKT sahəsi üzrə dünyanın aparıcı şirkətlərinin rəhbərləri, 250-dən çox hökumət, sənaye, qeyri-hökumət təşkilatlarının yüksəksəviyyəli nümayəndələri, ümumilikdə 3 mindən çox nümayəndə iştirak etmişdir.

Beynəlxalq tədbirlərdə ölkəmizi rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılığı ilə Azərbaycanda İKT sahəsi üzrə fəaliyyət göstərən 20-dən çox milli şirkət, həmçinin bir sıra nazirliklərin bu sahə üzrə mütəxəssisləri, ümumilikdə 65 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil etmiş və beynəlxalq tədbirdə Azərbaycan milli İKT pavilyonu təşkil edilmişdir.

Dövlət və hökumət başçıları, nazirlər və komissarların iştirak etdiyi Genişzolaqlı İnkişafa dair Komissiyanın Sammiti çərçivəsində keçirilən panel sessiyasında nazir Ə.Abbasov əsas məruzəçi qismində çıxış etmiş və ölkəmizdə İKT sektorunda aparılan islahatlar, regional əhəmiyyətli layihələr, xüsusilə də TASİM layihəsi, ilk telekommunikasiya süni peyki və digər regional və qlobal əhəmiyyətli layihələr haqqında ətraflı məlumat vermiş və sualları cavablandırmışdır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sözügedən tədbirlərin media sponsoru qismində çıxış etmişdir. Tədbirin təşkilatçıları bununla əlaqədar olaraq, Azərbaycanın mətbuat konfransını təşkil etmişlər. Mətbuat konfransında təqdimatla çıxış edən nazir Ə.Abbasov, eyni zamanda, beynəlxalq mətbuatın suallarını cavablandırmışdır.

Tədbirin ikinci günü “İTU Telecom World 2011” beynəlxalq telekommunikasiya sərgi-konfransının açılış mərasimi keçirilmiş, tədbirdə dövlət və hökumət başçıları, nazirlər, o cümlədən ölkəmizin nümayəndə heyəti iştirak etmişdir.

Tədbir çərçivəsində Nazir Ə.Abbasov bir sıra ikitərəfli görüşlər keçirmişdir. Daha sonra nazir Ə.Abbasov Beynəlxalq Telekommunikasiya İttifaqının “İTU Hub” adlı xüsusi pavilyonunda müsahibə vermişdir.

 
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Müşfiq Əmirov
Cenevrə






25/10/11    Çap et