“Facebook” internetə çıxışı təmin edəcək pilotsuz təyyarə layihəsindən imtina edib
Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” 4 il sonra günəş batareyası ilə işləyən, yüksək hündürlükdə uzunmüddətli uçuşlar həyata keçirən və internet siqnalını ötürən “Aquila” pilotsuz təyyarəsinin yaradılmasını nəzərdə tutan layihədən imtinaya dair qərar verib.
"Biz bu layihə üzərində işləyərkən aerokosmik sahənin aparıcı şirkətlərinin bu texnologiya, həmçinin yeni pilotsuz uçan aparatların yaradılması və dizaynına sərmayə yatırdığını müşahidə etmək maraqlı idi. Və bütün bunları nəzərə alaraq şəxsi pilotsuz təyyarələrimizi hazırlamaqdan imtina etdik" – şirkətin mətbuat xidməti bildirib.
“ICTnews” Elektron Xəbər Xidməti “
ria.ru” saytına istinadən yazır ki, şirkət belə texnologiyaların inkişaf etdirilməsindən ötrü “Airbus” kimi tərəfdaşları ilə əməkdaşlığı davam etdirmək niyyətindədir. “Facebook”un məlumatına görə, hazırda təxminən 4 milyard insanın internetə çıxışı yoxdur, çünki onlar genişzolaqlı mobil internet rabitənin əlçatmaz olduğu ucqar regionlarda yaşayırlar.
Xatırladaq ki, “Aquila” layihəsi üzərində işlərə 2014-cü ildə başlanılıb. O vaxt şirkətin nümayəndəsi bildirmişdi ki, günəş batareyası ilə işləyən “Aquila” pilotsuz təyyarəsi təxminən 3 ay müddətində havada qala bilər və 18-dən 27 km-dək hündürlükdən internetə çıxışı təmin edə bilər.
Emil Hüseynov