Mobil ödəniş servisləri istifadəçilərinin sayı 2 dəfə artacaq
Kontaktsız mobil ödənişlər bazarında vəziyyəti tədqiq edən “Juniper Research” şirkəti iki ildən sonra bu servislərdən istifadə edənlərin sayının təxminən 2 dəfə artacağını proqnozlaşdırır.
“ICTnews” Elektron Xəbər Xidməti “
DailyComm” resursuna istinadən yazır ki, tədqiqatçıların proqnozuna görə, 2018-ci ilin sonunda “Apple Pay”, “Samsung Pay” və “Google Pay” kimi servislərdən dünyada 440 milyon istifadə edəcək, 2020-ci ilədək isə onların sayı 760 milyona çatacaq.
Avadanlıq istehsalçıları (Apple Pay, Samsung Pay, Google Pay) tərəfindən istifadəyə verilən ödəniş sistemlərinin auditoriyası 450 milyon istifadəçi təşkil edəcək, “Apple Pay” servisinin müştəri bazasında payı 50 faizə yaxın olacaq.
2023-cü ilədək “Apple”, “Samsung” və “Google” şirkətlərinin kontaktsız mobil ödənişlər istifadəçiləri arasında ümumi payı builki 50 faizdən 60 faizədək artacaq. Bundan əlavə, digər istehsalçılara məxsus servislərin (Huawei Pay, Xiaomi Pay, Fitbit Pay, Garmin Pay və s.) istifadəçilərinin sayı 2020-ci ilədək 20 milyonu ötəcək.
Analitiklər, həmçinin diqqəti 2017-ci ildə dünya banklarının 200-dən çoxunun “host card emulation” (HCE – kartı smartfona inteqrasiya edərək bir toxunuşla ödənişlər etməyə imkan verir) texnologiyasından istifadə etməklə ödəniş sistemlərini işə salmasına yönəldirlər.
Ekspertlərin proqnozlarına görə, 2018-ci ildə kontaktsız ödənişlər əməliyyatlarının həcmi qlobal miqyasda 1 trilyon dolları üstələyəcək. Bura həm mobil qurğular, həm də kontaktsız ödəmə funksiyasına malik bank kartları vasitəsilə həyata keçirilən tranzaksiyalar daxildir. Analitiklər qeyd edir ki, belə kartlar istifadəçilər tərəfindən daha çox istifadə edilir və gələcəkdə populyar olaraq qalacaqlar, mobil ödəniş servisləri isə inkişaf etmiş bazarlarda tədricən mənimsənilir.
Nizam Nuriyev