Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ad və soyadları elektron formada seçmək mümkün olacaq


Ədliyyə Nazirliyinin internet saytında uşaqlara ad seçilməsinə kömək məqsədilə Azərbaycan adları, onların mənşəyi və izahı, əhali arasında yayılma səviyyəsi və s. haqqında informasiya almaq üçün geniş axtarış sistemi yaradılıb.

Nazirlikdən verilən məlumata görə, yaxın gələcəkdə fəaliyyətə başlayacaq sistemdə “e-xidmətlər” vasitəsilə vətəndaşların məsul ədliyyə işçilərinin qəbuluna yazılması da mümkün olacaq.

Elektron xidmət bölməsi vasitəsilə vətəndaşlar ədliyyə orqanlarının iş rejimi, dislokasiyası, əlaqə vasitələri, eləcə də QHT və digər hüquqi şəxslərin qeydiyyatının, notariat hərəkətlərinin aparılması qaydası, tələb olunan sənədlər və rüsumların məbləği, məhkəmə qərarlarının icrası barədə ətraflı məlumat əldə edə biləcəklər.

Nazirlikdən bildirilib ki, bütün respublikanı əhatə edəcək elektron xidmət köşkləri vasitəsilə vətəndaşlar notariat hərəkətlərinin aparılması, vətəndaşlıq vəziyyəti aktlarının, qeyri-kommersiya hüquqi şəxslərin qeydiyyatına dair məlumatların əldə olunması, bütün növ ödənişlərin yerində ödənilməsi, nazirliyin “qaynar xətt”inə, elekton poçtuna birbaşa müraciət etmək imkanı əldə edəcəklər.

Azərbaycanda məhkəmə sistemi üçün yaradılan vahid internet portal vasitəsilə vətəndaşlar ali, apelyasiya və birinci instansiya məhkəmələri, onların yurisdiksiyası, baxılan işlər və çıxarılan qərarlar, müraciətə əlavə edilməsi zəruri olan sənədlər, qəbul günləri və s. barədə ətraflı məlumat alacaqlar.

İnternet portalı, həmçinin, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək, onlayn rejimdə müraciət etmək və cavab almaq imkanı yaradacaq. Yaxın vaxtlarda istifadəyə veriləcək portalda bütün hakimlər haqqında məlumatlar da öz əksini tapacaq.




25/10/11    Çap et