Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows” sistemində silinməyən virus aşkarlanıb


Bütün dünya istifadəçilərinin kompüterlərində “All-Radio 4.27 Portable” adlı ləğv edilməyən zərərli proqram aşkarlanmağa başlayıb.  

“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, virus “Windows” əməliyyat sistemli kompüterlərə qarşı yönəlib. İstifadəçilər zərərli proqramı silməyə çalışsalar da, onun ləğvetmə mexanizmini müəyyənləşdirə bilməyiblər.

Məlumata görə, Rusiya istehsalı olan “All-Radio 4.27 Portable” proqramı rəsmən musiqi dinləməyə və televiziya verilişlərinə baxmağa imkan verən pulsuz universal pleyerdir. Naməlum hakerlər onu saxtalaşdıraraq yoluxdurulmuş proqram təminatını orijinal kimi təqdim ediblər.

“BleepingComputer” şirkətinin ekspertləri qeyd edib ki, əksər istifadəçilər virusun “Microsoft” məhsullarının bir sıra aktivləşdirici proqramlarını yüklədikdən sonra əmələ gəlməsini bildirib. Onlar analiz apararaq müəyyənləşdiriblər ki, “açarlar” adı altında qurbanlara yoluxdurmaya səbəb olan “aimp” reklam paketi göndərilib. Mümkün infeksiyalar arasında mayner və spamerlər, müxtəlif troyanlar, eləcə də yoluxdurmanı gizlədən rutkitlər ola bilər.

Proqram təminatının xarakterinə görə virusu yaradan hakerlər bu yoluxdurma sxemi üzərində biznes qurmağa hazırlaşırlar. Ekspertlər aktivləşdirici proqramların cinayətkarlar tərəfindən mümkün yoluxdurulması səbəbindən onlardan istifadə etməməyi tövsiyə edirlər.

Nizam Nuriyev






02/07/18    Çap et