Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“App Store” mağazasının ən populyar əlavələri məlum olub
“App Annie” analitik şirkəti “App Store” əlavələr mağazasının mövcud olduğu müddət ərzində “iOS” əməliyyat sistemi üçün ən populyar proqramların siyahısını təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, analitiklər tərəfindən reytinqin lideri “iOS” sisteminin “Facebook” proqramı seçilib. Sonrakı yerlərdə müvafiq olaraq “Facebook Messenger”, “YouTube”, “Instagram”, “WhatsApp Messenger”, “Google Maps”, “Snapchat”, “Skype”, “WeChat” və “QQ” qərarlaşıb. Oyun seqmentində “Candy Crush Saga”, “Subway Surfers” və “Fruit Ninja” layihələri birinci olublar.
Məlumata görə, “App Store” mağazasında yüklənən əlavələrin ümumi sayı 170 milyardı üstələyib. Təkcə 2017-ci ildə istifadəçilər tərəfindən qurğulara ümumilikdə 30,5 milyarda yaxın proqram və oyun quraşdırılıb.
2018-ci ilin mayında mağazada təqribən 2 milyon əlavə təqdim edilib. On min layihə tərtibatçılarının qazancı 1 milyon dolları ötüb. Tədqiqatda, həmçinin qeyd olunur ki, “Apple” qurğu sahibləri ayda təxminən 40 əlavədən istifadə etməklə buna təqribən gündə 3 saat sərf edirlər.
İyunun əvvəlində “Worldwide Developers Conference” (WWDC) konfransında “Apple” şirkəti “App Store” mağazasının fəaliyyəti üzrə statistikanı açıqlayıb. Portalın fəaliyyət göstərdiyi 10 il ərzində orada proqram və oyunlar yerləşdirən tərtibatçıların gəliri 100 milyard dolları ötüb.
Nizam Nuriyev
04/07/18 Çap et