Birinci rübdə fərdi kompüterlərin satışı əvvəlki səviyyədə qalıb
Bu ilin birinci rübündə dünyada fərdi kompüterlərin satışı azalmayıb və əvvəlki səviyyədə (60,4 milyon ədəd) qalıb. Bu barədə “IDC” analitik şirkətinin hesabatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “
Computerworld” resursuna istinadən yazır ki, korporativ mühitdə “Windows 10” əsaslı sistemlərin yayılması davam edir ki, bu da bu bazarda fəaliyyət göstərən “HP”, “Dell”, “Lenovo” və s. kimi istehsalçılar üçün faydalıdır. Satış həcmi, həmçinin bahalı sinfə aid noutbuklara və oyun sistemlərinə yüksək tələbatla dəstəklənir. Bundan başqa, 2017-ci ilin birinci rübü ilə müqayisədə noutbuklar üçün komponent çatışmazlığı nisbətən zəifləyib.
Hesabata görə, “HP Inc.” şirkəti fərdi kompüter istehsalçıları arasında mütləq lider olaraq qalır. Satış həcmini 4,3 faiz artıran şirkət hazırda bazarın 22,6 faizinə nəzarət edir. “Lenovo” şirkəti ötənilki 20,4 faiz payla ikinci pillədə qərarlaşıb. “Dell” satışı 6,4 faiz artırıb və 16,9 faiz payla üçüncü yeri tutur. “Acer” və “Apple” şirkətlərinin satışı müvafiq olaraq 7,7 və 4,8 faiz azalıb, bazar payı isə 6,8 və 6,6 faizə enib.
Analitiklər tərəfindən iqtisadi vəziyyətin yaxşılaşması nəticəsində gələcəkdə kompüterlərə tələbatın artacağı proqnozlaşdırılır.
Nizam Nuriyev