Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Keçmiş əməkdaş “Apple” şirkətinin məxfi məlumatlarını oğurlayıb


“Apple” şirkəti keçmiş əməkdaş Syaolan Çjanı avtonom avtomobillər layihəsi haqqında məxfi məlumatları oğurlamaqda ittiham edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Tvzvezda” resursuna istinadən yazır ki, məlumata görə, çinli mühəndis iyulun 7-də Kaliforniyanın San-Hose Beynəlxalq Aeroportunda Çinin Quançjou əyalətinə işləmək üçün uçmaq istəyərkən saxlanılıb. O, sürücüsüz avtomobillərin hazırlanması ilə əlaqədar analoji layihə üzərində işləmək üçün “Xiaopeng Motors” şirkətinə keçməyə hazırlaşırmış.

Bildirilir ki, ABŞ şirkəti keçmiş əməkdaşı onun işdən çıxandan sonra internetdə fəallığı artırmasından və ofisə tez-tez gəlib-getməsindən sonra məxfi məlumatları oğurlaya bilməsindən şübhələnməyə başlayıb.  

Xüsusi xidmət orqanları əməkdaşlarının apardığı ilkin dindirmələrdən sonra S.Çjan həyat yoldaşının noutbukuna şirkətin bazasından olan məlumatları yükləməsini etiraf edib. Mühəndis “Apple” şirkətində avtonom avtomobil cihazlarının məlumatlarının analizi üçün mikrosxemlərin hazırlanması və sınağı ilə məşğul olub.  

Qeyd olunur ki, onun noutbuka yüklədiyi fayl ittihamın irəli sürülməsi üçün əsas rol oynayıb. Faylda sürücüsüz avtomobil üçün mikrosxemlərin çertyojları göstərilib.

“Xiaopeng Motors” şirkətinin nümayəndələri bəyan edib ki, dərhal işdən azad edilən mühəndis onlara əvvəl çalışdığı şirkət barədə informasiya verməyib.

S.Çjanın təqsiri sübut olunarsa, onu 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Nizam Nuriyev






12/07/18    Çap et