Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Aeroportlarda təhlükəsizliyin yoxlanılması üçün üçölçülü skaner hazırlanıb


Çində aeroportlarda təhlükəsizliyin yoxlanılması üçün millimetrlik dalğalarda işləyən üçölçülü (3D) skaner yaradılıb.  

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, yeni qurğu daha tez reaksiyası, yüksək dəqiqliyi ilə seçilir və metalaxtaran cihazlarla müqayisədə az işçi qüvvəsi tələb edir.

Məlumata görə, skaner ölkənin iri raket istehsalçısı – Çin Aerokosmik Elm və Sənaye Korporasiyasının (CASIC) tərkibinə daxil olan akademiya tərəfindən layihələndirilib və hazırlanıb.

Bildirilir ki, qurğu insanın geyimi altında gizlədilən obyektlərin aşkarlanması üçün bütün bədəni vizuallaşdıraraq elektromaqnit şüalanma formasından istifadə edir. O, 1 saniyə ərzində 89-dək təhlükəli və ya riskli əşyanı, o cümlədən mövcud bədənin skan edilməsi qurğularının müəyyənləşdirə bilmədiyi korroziyaya aktiv və ya tezalışan mayeləri aşkarlaya bilir.

Cihaz 95 faiz dəqiqliklə işləyir. Bu isə o deməkdir ki, əksər təhlükəsizlik xidməti əməkdaşları çətin əl yoxlamasından azad ediləcək. Qurğu yaradıcılarının sözlərinə görə, skaner nəzarət-buraxılış məntəqələrinin fəaliyyətinin effektivliyini artırmaqla yanaşı, sərnişinlər üçün daha rahat olacaq.

Nizam Nuriyev






13/07/18    Çap et