Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“3D” skan etmə texnologiyasına malik smartfonların tədarükü 100 milyonu ötəcək


“Sigmaintell” analitik şirkətinin qiymətləndirməsinə görə, 2018-ci ildə dünya bazarına “3D” skanetmə funksiyasına malik 100 milyondan çox smartfon tədarük olunacaq. “Apple” şirkəti belə qurğuların əsas tədarükçüsü olacaq. Amma mütəxəssislər bildirirlər ki, Çinin “Xiaomi”, “Oppo” və “Vivo” kimi brendləri öz qurğularında, həmçinin “3D” skanetmə funksiyasını tətbiq edəcəklər.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Apple” şirkəti 2017-ci ildə ilk dəfə qabaqcıl “iPhone X” smartfonunda sifətin “3D” skanetmə texnologiyasını tətbiq edib. Gözləntilərə görə, istifadəçini müəyyənləşdirməyə, ekranı blokdan çıxarmağa, həmçinin mobil ödənişləri həyata keçirməyə imkan verən bu funksiya ABŞ şirkətinin 2018-ci ilin payızında təqdim ediləcək 3 yeni modelində də mövcud olacaq.

“Apple” şirkətini addımbaaddım izləyən “Xiaomi” və “Oppo” şirkətləri, həmçinin yaxın vaxtlarda sifətin “3D” tanınması texnologiyasına malik smartfonlarını təqdim ediblər.

Cari ilin iyununda keçirilmiş “MWC Shanghai 2018” sərgisində “Vivo” şirkəti tərəfindən nümayiş etdirilmiş “Time-of-Flight 3D” adlı innovativ  texnologiya “Apple” şirkətinin “Face ID” 3D skanetmə funksiyasını geridə qoymalıdır. Çin istehsalçısı iddia edir ki, onun tərəfindən hazırlamış “3D” skaner skanetmə zamanı istifadəçinin sifətinə 300 min nöqtədən ibarət tor proyeksiya edir. Müqayisə üçün, “iPhone X” smartfonu yalnız 30 min nöqtədən istifadə edir.

Emil Hüseynov





17/07/18    Çap et