Yeni nəsil zərbəyə davamlı şüşə smartfonların dayanıqlığını xeyli yüksəldəcək
İlk smartfonlarda ekranın kənar hissələrinə qurulmuş qalın çərçivələr yerə düşmə vaxtı qurğunu zərbədən qoruyurdu. Ancaq çərçivəsiz displey və dairəvi kənarlara malik aparatlar şüşə səthlərin möhkəmliyinin yüksəldilməsini vadar edib. "Corning" şirkəti müxtəlif cihazların displeyi üçün kənar təsirlərə qarşı davamlı örtük istehsalçısı kimi istifadəçilərə çoxdan tanışdır. Dünən çoxlu sayda yerə düşməyə dayanıqlı olan "Gorilla Glass" zərbəyə davamlı şüşəsinin yeni nəsli nümayiş olunub.
"ICTnews" Elektron Xəbər Xidməti "
4pda.ru" saytına istinadən yazır ki, "Corning Gorilla Glass 6" şüşəsi 1 metr hündürlükdən 15 dəfə yerə düşməyə dayanıqlıdır, bu halda şüşə sınmır. Müqayisə üçün, əvvəlki nəsil zərbəyə davamlı şüşə eyni şərtlər daxilində 11 dəfə yerə düşməyə dayanıqlı idi. "Corning" şirkətinin araşdırmasına görə, smartfon ildə orta hesabla təxminən 7 dəfə istifadəçilərin əlindən yerə düşür.
Həmçinin daşınan qurğular (məsələn, "ağıllı" saat) üçün nəzərdə tutulmuş "Gorilla Glass DX" və "Gorilla Glass DX+" şüşələri təqdim olunub.
Emil Hüseynov