Məşhur şirkətlər məlumatların köçürülməsi üzrə birgə layihə istifadəyə veriblər
"Facebook", "Twitter", "Google" və "Microsoft" şirkətləri "Data Transfer Project" adlı birgə layihə istifadəyə veriblər. Layihənin başlıca məqsədi məlumatların bir servisdən digərinə köçürülməsinə imkan yaratmaqdan ibarətdir.
"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab
www.securitylab.ru" resursuna istinadən yazır ki, 2017-ci ildə yaradılan "Data Transfer Project" (DTP) müxtəlif platformalar arasında məlumatların müntəzəm, birbaşa, istifadəçi tərəfindən irəli sürülən şəkildə köçürülməsini təmin edəcək açıq çıxış kodlu ümumi strukturun yaradılması ilə məşğul olan təşkilatlar birliyidir.
Köçürülmə dedikdə provayderdən bir servisdə istifadəçi məlumatlarının ləğvi və onların digərinə verilməsini tələb etmək imkanı başa düşülür. Məsələn, söhbət fotoşəkil, elektron məktub, kontakt, təqvim və vəzifələrdən gedir.
Layihənin yaradılmasında məqsəd mayın 25-də Avropa İttifaqında qüvvəyə minən fərdi məlumatların mühafizəsi qaydalarına (General Data Privacy Regulations - GDPR) uyğunluqdan doğan zərurətdir.
Hazırda layihə hazırlanma mərhələsindədir. Məlumatların köçürülməsi üçün istifadəçi "API" açarını (application programming interface, əlavə proqram interfeysi) bilməlidir.
Qeyd edək ki, "GDPR" şirkətlər tərəfindən istifadəçilər üçün fərdi məlumatların mühafizəsi funksiyalarının quraşdırılmasını nəzərdə tutur. Məsələn, istifadəçilərə fərdi məlumatları tam ləğv etmək hüququ verilir, eləcə də 16 yaşdan aşağı şəxslərin fərdi məlumatlarından istifadə üçün onların valideynlərinin və ya qəyyumlarının icazəsi tələb olunur. Reqlament tələblərinin pozulacağı təqdirdə şirkətlər pozuntunun dərəcəsindən asılı olaraq 20 milyon avro və ya illik dövriyyənin 4 faizi məbləğində cərimə oluna bilərlər.
Nizam Nuriyev