“Facebook” öz internet peykini yaradır
“Facebook” yüksəksürətli internetə çıxışı təmin etmək üçün öz təşəbbüsünü inkişaf etdirməyə davam edir. “Wired” nəşrinin sorğusu əsasında Federal Rabitə Komissiyasından əldə edilmiş sənədlərə əsasən, adıçəkilən şirkət dünyada qlobal internetə effektiv genişzolaqlı çıxışı təmin etmək üçün öz internet peykini hazırlayır.
“ICTnews” Elektron Xəbər Xidməti “
itc.ua” saytına istinadən yazır ki, “Facebook”un nümayəndəsi “Athena” adlı layihə üzərində çalışdıqlarını təsdiq edib.
"Hazırda bu layihə haqda məlumat verə bilmərik, amma peyk texnologiyalarının növbəti nəsil genişzolaqlı çıxış infrastrukturunun inkişafında mühüm rol oynayacağına inanırıq. Bu, internetin əlçatmaz olduğu regionları genişzolaqlı qoşulma ilə təmin etməyə imkan verəcək" – “Facebook”un mətbuat xidmətindən deyiblər.
Ötən ilin sentyabrında tərtib edilmiş genişzolaqlı rabitənin inkişafı haqda hesabata əsasən, planetin 50%-dən çoxu hələ də qlobal şəbəkəyə qoşulmayıb və bu problemi həll etmək üçün yeganə yol aşağı yerətrafı orbitdə peyklərdən istifadə etməkdir. Qeyd etmək lazımdır ki, bu istiqamətdə “OneWeb” və “SpaceX” kimi şirkətlər də işləyir.
Emil Hüseynov