Süni intellekt göz hərəkətlərinə görə xarakteri analiz edir
Almaniya və Avstraliya tədqiqatçıları göz hərəkətlərinin analizi vasitəsilə əksər xarakter əlamətlərini qiymətləndirməyə imkan verən alqoritm hazırlayıblar. Sistem insanın ünsiyyətli, vicdanlı, marağa meyilli olmasını müəyyənləşdirə bilir.
"ICTnews" Elektron Xəbər Xidməti "Naked Science
www.naked-science.ru" resursuna istinadən yazır ki, texnologiyanın əsasını psixologiyada "Böyük beşlik" (Big Five personality traits) kimi tanınan insanın şəxsiyyət modeli təşkil edir. O, 5 əsas əlamətin təzahür dərəcəsini nəzərə alır: ekstraversiyaya meyillilik, xeyirxahlıq və kompromisə getmə, vicdan, yeni təcrübəyə və neyrotizmə - emosional qeyri-sabitlik riskinə açıqlıq qabiliyyətinin dərəcələri.
Məlumata görə, eksperimentdə Avstraliyanın Flinders Universitetinin 42 tələbəsi iştirak edib. Onlar "Böyük beşlik" göstəricilərinin, eləcə də marağa meyillilik dərəcəsinin müəyyənləşdirilməsi üçün hərəyə 3 sorğu vərəqəsi doldurublar. Bundan sonra könüllülər baxış istiqamətinin izlənilməsi üçün qarnitur taxıblar: tələbələrdən 10 dəqiqə ərzində universitet ətrafında gəzişmək və yaxınlıqdakı mağazadan içki almaq xahiş olunub.
Süni intellekt göz qırpmanın tezliyini və sakkadların (gözlərin bir istiqamətdə sürətli hərəkətləri) xüsusiyyətlərini təhlil edib, eləcə də könüllünün gözünün müəyyən obyekt üzərində çox dayanmasını qeydə alıb. Bu məlumatlar əsasında sistem könüllünün göz hərəkətlərinin istilik xəritəsini tərtib edib. Bu xüsusiyyətlər və "Böyük beşlik" keyfiyyəti arasında əlaqə indiyədək əksər psixoloqlar tərəfindən müəyyənləşdirilib, alqoritm əvvəlki elmi işləri nəzərə almaqla nəticələr çıxarıb.
Analizin nəticələri tələbələrin anketləri ilə müqayisə olunub. Sistem neyrotizm, ekstraversiya, güzəştə getməyə hazırlıq, vicdan və maraq dərəcəsini nisbətən uğurlu qiymətləndirib. Süni intellekt yalnız təcrübəyə açıqlıq qabiliyyətini qiymətləndirə bilməyib. Bununla belə, qiymətləndirmənin dəqiqliyi belə sistemlərin kommersiya istifadəsi üçün hələ ki yüksək deyil. Mütəxəssislərin fikrincə, çoxlu materiallar üzərində öyrəndikdən sonra sistem daha effektiv olacaq: o, göz hərəkətləri və xarakter əlamətləri arasında yeni əlaqələr aşkarlaya biləcək. Gələcəkdə belə süni intellektlərin sosial robotların elementlərinə çevriləcəyi ehtimal edilir.
Nizam Nuriyev