“T-Mobile” və “Nokia” şirkətləri “5G” şəbəkəsinin qurulması haqqında saziş imzalayıblar
ABŞ-ın "T-Mobile" mobil operatoru və Finlandiyanın "Nokia" telekommunikasiya avadanlığı istehsalçısı arasında 3,5 milyard dollar dəyərində çoxillik saziş imzalanıb.
"ICTnews" Elektron Xəbər Xidməti "IXBT
www.ixbt.com" resursuna istinadən yazır ki, sazişin şərtlərinə görə, "Nokia" tərəfindən "T-Mobile" operatorunun 600 MHs və 28 MHs diapazonlarında beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) qurulması üçün istifadə edəcəyi avadanlıq, proqram təminatı və servislər tədarük olunacaq.
Məlumata görə, "5G" şəbəkəsindən istifadə edən şirkətlər tətbiqi geniş spektrli sahələri, o cümlədən müəssisə, "ağıllı" şəhərlər, kommunal xidmətlər, nəqliyyat, səhiyyə, istehsal, pərakəndə ticarət, kənd təsərrüfatı, dövlət idarələri və s. sahələri əhatə edən növbəti nəsil xidmətlər hazırlayacaq, sınaqdan keçirəcək və işə salacaqlar.
Qeyd edək ki, "5G" mövcud "4G" şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan "4G" şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı "5G" şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.
Nizam Nuriyev