“Huawei” dünyada smartfon satışının həcminə görə “Apple”ı qabaqlayıb
"Canalys" analitik firmasının məlumatına görə, Çinin "Huawei Technologies" şirkəti 2018-ci ilin ikinci rübündə smartfonların satış həcminə görə "Apple"ı geridə qoyaraq ikinci olub.
"ICTnews" Elektron Xəbər Xidməti "
ria.ru" saytına istinadən yazır ki, cari ilin ikinci rübündə "Huawei" şirkəti 54 milyon telefon satıb ki, bu da ötən illə müqayisədə 41% daha yüksək göstəricidir. Şirkət "Huawei P20" adlı qabaqcıl smartfonunun populyarlığı sayəsində belə nəticə əldə edib.
Digər səbəb kimi şirkətin strategiyasında edilmiş dəyişiklik, xarici bazarlara çıxışı qeyd etmək olar.
2018-ci ilin ikinci rübündə "Samsung Electronics" şirkəti 73 milyon telefon satıb ki, bu da 2017-ci illə müqayisədə 8% azdır. "Apple" ikinci rübdə 41 milyon smartfon sataraq reytinqdə üçüncü yeri tutub.
Emil Hüseynov