Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sinqapur kibertəhdidlərdən mühafizə üzrə qlobal konvensiya hazırlamağı təklif edir


Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan Şərqi Asiya Sammitinə daxil olan iştirakçı ölkələrin nazirlərinin iclasının yekunları üzrə mətbuat konfransında kibertəhlükəsizlik üzrə qlobal konvensiyanın yaradılmasına ehtiyac olduğunu bildirib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab www.securitylab.ru" resursuna istinadən yazır ki, nazirin sözlərinə görə, yeni sənəd ölkələrin kibertəhdidlərdən mühafizə üzrə fəaliyyətini tənzimləməyə imkan verəcək.
 
"Biz rəqəmli təhlükəsizliyin təmini baxımından bütün ölkələrin fəaliyyətini tənzimləyən və BMT-nin himayəsi altında qüvvədə olan konvensiyalara bənzər qlobal sənəd hazırlayaraq qəbul etmək istəyirik. Biz dünyanın rəqəmli inqilab dövrü yaşamasına görə ümumi mexanizm yaratmaq niyyətindəyik", - o qeyd edib.
Xarici işlər naziri onu da vurğulayıb ki, Sinqapur bu sahədə ayrı-ayrı ölkələrlə eksklüziv sazişlərin imzalanmasında maraqlı deyil.
  
Xatırladaq ki, bir müddət əvvəl hakerlər Sinqapurun ən böyük "SingHealth" tibbi müəssisə qrupunun kompüterlərinə hücum edərək 1,5 milyon insanın, o cümlədən ölkənin baş nazirinin fərdi məlumatlarını oğurlayıblar.
 
Nizam Nuriyev





06/08/18    Çap et