“Google Glass” eynəyi autizmə tutulan uşaqların müalicəsi üçün istifadə edilir
Stenford Universitetinin alimləri autizm xəstəliyindən əziyyət çəkən uşaqlara kömək üçün “Google Glass” eynəyindən istifadə etməyə başlayıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News
www.hi-news.ru” resursuna istinadən yazır ki, tədqiqat çərçivəsində universitet ekspertləri Ketlin Foss və Nik Haber tərəfindən sifətin tanınması texnologiyası kompüter təlimi ilə uyğunlaşdırılıb. Yeni layihə “Autism Glass Project” adlanır. Xüsusi proqram ünsiyyət zamanı emosiyaları həmsöhbətin üz ifadəsinə görə müəyyənləşdirir, “Google Glass” istifadəçisi isə hazırda hansı emoziyaların ifadə edilməsi barədə məlumatlandırılır. Psixoloqların sözlərinə görə, bu, sosial bacarıqların inkişafına kömək edir.
Məlumata görə, keçirilən eksperimentdə autizmə tutulan 14 uşaq iştirak edib. Onlardan bir neçə gün ərzində adi həyatda eynəyi taxmaq tələb olunub. Nəticədə 14 ailənin 12-si tədqiqatın sonunda bildirib ki, uşaqlar görmə kontaktına cəhdə daha yaxşı reaksiya verməyə, eləcə də tədqiqatın aparılmasınadək rast gəlinməyən sadə dialoqlar qurmağa başlayıblar. Hazırda ekspertlərin məqsədi daha uzunmüddətli tədqiqatlar aparmaqdan, həmçinin “Google Glass” eynəyinin uşaq psixikasına təsirini öyrənməkdən ibarətdir. Çünki sistemin mahiyyət etibarilə öz effektivliyini sübut edəcəyi təqdirdə bu, psixoloqla işə əsaslanmayan yeni autizm terapiya metodu ola bilər.
Qeyd edək ki, “Google Glass” eynəyi ilk dəfə 2011-ci ildə təqdim olunub. Rəsmi təqdimat isə 2012-ci ilin ortalarında “Google” tərtibatçılarının konfransında baş tutub.
“Google Glass” eynəyinin başlıca xüsusiyyətlərindən biri istifadəçinin gözü qarşısında 640x360 piksel təsvir ölçüsünə malik bərkidilmiş ekrandır ki, bu da “Google” şirkətinin qiymətləndirməsinə görə, təxminən 2,5 metr məsafədə olan yüksək təsvir ölçülü 25 düymlü ekrana bərabərdir.
Quraşdırılmış 5 meqapikselli kamera 720p yüksək təsvir ölçülü videonu yazmağa imkan verir. Məlumat və əlavələrin saxlanılması üçün istifadəçi qurğudakı 16 giqabaytlıq yaddaşın 12 giqabaytından yararlana bilər. Akkumulyatorun enerjisi adi gərginlikdə bir gün kifayət edir, lakin bəzi funksiyalar (məsələn, videonun yazılması) enerjidən daha sürətli istifadə edir.
Qurğu “Wi-Fi” və “Bluetooth” standartlı simsiz rabitə modulları ilə təchiz edilib. “Bluetooth” vasitəsilə eynəyin smartfonla birlikdə işləməsi mümkün olur.
Nizam Nuriyev