Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Suda işləyən dünyanın ilk oyun noutbuku nümayiş olunub


“Raytheon” şirkəti avqustun 3-6-da keçirilən “ChinaJoy” (China Digital Entertainment Expo & Conference) konfransında konseptual “Uncia” noutbukunu nümayiş etdirib. Qurğu istehsalçı tərəfindən “IP68” standartı üzrə su və tozdan mühafizəli dünyanın ilk oyun noutbuku kimi qələmə verilir.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler www.rambler.ru” resursuna istinadən yazır ki, adətən belə mühafizəyə sənaye və ya hərbi modellərin malik olmasına baxmyaraq “Raytheon Uncia” modeli adi istifadəçi noutbuku kimi görünür. Lakin modelin ərsəyə gəlməsinə hərbi sənaye də öz töhfəsini verib. Məsələ ondadır ki, “Raytheon” ABŞ-ın iri hərbi sənaye şirkəti və silah və hərbi texnika tədarükçüsüdür.
 
Nümayiş zamanı su ilə doldurulmuş şəffaf kvadrat şüşənin daxilinə yerləşdirilən noutbuk işləməkdə davam edib. 13 düym diaqonallı “Raytheon Uncia” noutbukunun çəkisi 1,1 kq, qalınlığı 12,7 mm təşkil edir.
 
Səkkizinci nəsil “Intel Core i7-8550U” prosessoru ilə təchiz edilən yeni qurğunun qapağı 360 dərəcə açılır. Noutbukun buraxılış müddəti və qiyməti barədə məlumat verilmir.
 
Nizam Nuriyev





07/08/18    Çap et