Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda quru texnologiya üzrə klinkerin istehsalına başlanacaq
"Qaradağ Sement" ASC 2011-ci ilin sonuna qədər sement zavodunun modernləşdirilməsi çərçivəsində tikilən yeni sobada ilk klinkerin istehsalına başlayacaq. Bu barədə cümə axşamı Bakıda keçirilən Azərbaycan-İsveçrə biznes forumunda təqdimat zamanı "Qaradağ Sement"in baş direktoru Raul Valdvurger deyib.
"Qaradağ Sement" zavodunun modernləşdirilməsi planına əsasən, yeni soba vasitəsilə gündə 4 min ton klinker istehsal ediləcək. Zavodun yenidən qurulmasından sonra il ərzində klinkerin istehsalı 0,8 milyondan 1,2 milyon tona, sement istehsalı isə 1,2 milyon tondan 1,7 milyon tona çatacaq.
Ümumi dəyəri 325 milyon avro olan "Qaradağ Sement" zavodunun modernləşdirilməsi planının həyata keçirilməsi cari ilin sonunda başa çatacaq. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Asiya İnkişaf Bankı (AİB) bu məqsədlər üçün 140 milyon avro həcmində subordinasiya olunmuş kredit ayırıb. Zavodun yenidən qurulması layihəsi quru texnologiya ilə işləyən yeni sobanın tikintisini nəzərdə tutur. Yeni soba 4 köhnə sobanı əvəz edəcək.
Quru istehsalı texnologiyası yanacağa qənaət etməyə və ətraf mühitə minimal təsr etməyə imkan yaradır. Bununla əlaqədar olaraq Avropa məkanında məhz bu texnologiyaya üstünlük verilir.
Bu günə şirkətin səhmdarı beş hüquqi və 879 fiziki şəxsdir. "Holcim Ltd" şirkəti səhmlərin 66 faizinə, Azərbaycan İnvestisiya Şirkəti 10, Avropa Yenidənqurma və İnkişaf Bankı 10, "Holcim Auslandbeteiligungs GmbH" isə 3,39 faizinə sahibdir. "Azer Invest Company" şirkəti 0,26 faiz həcmdə paketə sahibdir, qalan 10,35 faiz fiziki şəxslərə məxsusdur. Bundan başqa, təqribən 800 Azərbaycan vətəndaşı da şirkətin səhmdarıdır.
"Qaradağ Sement" ASC Azərbaycanda sement və klinkerin yeganə istehsalçısıdır. Şirkət ölkə bazarının böyük hissəsini həm yerli, həm də beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli məhsulla təmin edir.
2010-cu ilin yekunlarına əsasən, "Qaradağ Sement" ASC təqribən 8 milyon manat dəyərində xalis gəlir əldə edib. Bu gəlirlər təkrar investisiyaya yönəldilib. Oktyabrın 27-nə olan rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.
28/10/11 Çap et