Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Günəş enerjili təyyarə ilk pilotlu uçuşunu yerinə yetirib


"Bye Aerospace" şirkətinin günəş enerjisi ilə işləyən təyyarəsi ilk pilotlu uçuşunu həyata keçirib.

"ICTnews" Elektron Xəbər Xidməti "IGate" resursuna istinadən yazır ki, "Solesa" ailəsinə aid "StratoAirNet" təyyarəsinin sınaqları Şimali Kolorado Regional Aeroportunun (Northern Colorado Regional Airport) yaxınlığında keçirilib. İlk pilotlu uçuşdan sonra təyyarə aeroportdan daha bir neçə uçuş yerinə yetirib. İlk uçuş 1 saata yaxın davam edib, digər uçuşlar isə enmə və qalxmanın məşqi, eləcə də cihazların vəziyyətini yoxlamaq məqsədilə həyata keçirilib.  

Məlumata görə, "StratoAirNet" təyyarəsinin qanadlarının uzunluğu 15 metr təşkil edir. "SolAero" şirkətinin qanadlarda quraşdırılan yüksək səmərəli fotoelementləri təyyarəyə uzun müddət havada qalmağa imkan verir. İlk test uçuşu pilotlu olsa da, şirkət təyyarəni pilotsuz və ya mütəxəssislərin dediyi kimi, "atmosfer peyki" etməyi planlaşdırır. O, kəşfiyyat, internetin paylanması, axtarış və xilasetmə əməliyyatları, xəritəçəkmə və s. üçün istifadə ediləcək.

Bundan əlavə, "Bye Aerospace" şirkətinin "Sun Flyer 2" günəş təyyarəsi hazırlaması məlum olub. "Siemens" şirkəti ilə birlikdə hazırlanacaq "Sun Flyer 2" təyyarəsi iki sərnişinin daşınması üçün nəzərdə tutulacaq.

Xatırladaq ki, birinci versiyalı "Sun Flyer" təyyarəsi apreldə uğurlu test uçuşlarını edib.

Nizam Nuriyev






25/08/18    Çap et