Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2018-ci ilin ən yaxşı smartfonları bəlli olub


“Business Insider” nəşrinin ekspertləri 2018-ci ildə təqdim edilmiş 5 ən yaxşı smartfonun reytinqini tərtib edib.
 
Son bir neçə ildə smartfon bazarı xeyli inkişaf edib və indi münasib qiymətə keyfiyyətli cihaz satın almaq mümkündür.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, sözügedən nəşrin mütəxəssisləri keyfiyyətli kamera, OLED ekran, güclü “Qualcomm Snapdragon 845” prosessoru və 6 QB-lıq əməli yaddaşla təchiz edilmiş “OnePlus 6” qurğusunu cari ilin ən yaxşı smartfonu adlandırıblar. Bu smartfon “Android”in xüsusi versiyası “Oxygen OS” platformasının idarəetməsi altında işləyir və sürətli enerjidoldurma akkumulyatoruna malikdir.
 
Ən yaxşı smartfonlar reytinqində ikinci yerdə “Samsung Galaxy Note 9” qurğusu gəlir. Cənubi Koreya şirkətinin smartfonu güclü akkumulyator, keyfiyyətli kamera və 6,4 düymlük OLED displeylə təchiz edilib.
 
Həmçinin qurğu  512 QB-dək daxili yaddaşa və populyar funksiyalar (barmaq izi skaneri, sifətin tanınması, simsiz enerjidoldurma və sukeçirməzlik) dəstinə malikdir. Bundan başqa, dəstə yenilənmiş “S Pen” stilusu daxildir.
 
“Samsung” şirkətinin “Galaxy S9” aparatı reytinqdə üçüncü yeri tutub. Qurğu güclü kamera, sürətli enerjidoldurma qurğusu, barmaq izi skaneri, simsiz akkumulyator, ürək ritminə nəzarət edən daxili monitor və böyük OLED ekranla təchiz edilib.
 
Reytinqdə dördüncü yeri tutan “LG G7” smartfonu, ekspertlərin fikrincə, “iPhone X” aparatını xatırladır. Smartfon suya qarşı davamlıdır, keyfiyyətli kamera, əla dinamiklər və “Qualcomm Snapdragon 845” prosessoru ilə təchiz edilib.
 
5,7 düymlük displey, sürətli enerjidoldurma qurğusu və yaxşı kamera ilə təchiz edilmiş “Motorola” şirkətinin “Moto G6” smartfonu ilk beşlikdə yer alıb. Bu cihaz yaxşı texnoloji xüsusiyyətlərdən başqa, ən ucuz qurğulardan biri hesab edilir.
 
Emil Hüseynov






27/08/18    Çap et