2022-ci ilədək böyük ölçülü aparatlar smartfon bazarının təxminən 85%-ni ələ keçirəcək
2018-ci ildə qlobal smartfon bazarında azalma gözlənilməsinə baxmayaraq, “IDC” tədqiqat şirkətinin analitikləri 2019-cu ildə vəziyyətin müsbətə doğru dəyişməsinə ümid edirlər. Ekspertlərin qiymətləndirməsinə görə, cari ildə smartfonların tədarük həcmi 0,7% azalacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, eyni zamanda ekspertlər bildirirlər ki, cari ilin ikinci yarısında smartfonların tədarük həcmi ötən illə müqayisədə 1,1% yüksək olacaq və 2019-2022-ci illərdə isə smartfon bazarında cüzi artım proqnozlaşdırılır. Yuxarıda göstərilən dövrün sonunadək smartfon bazarının həcmi 1,646 milyard qurğu təşkil edəcək.
5,5 düym və daha böyük diaqonala malik displeylə təchiz edilmiş modellər smartfon sektorunda artıma səbəb olacaq. Gözləntilərə görə, 2018-ci ildə smartfon bazarına tədarük edilən 941 milyondan çox (64,7%) qurğu bu kateqoriyaya aid ediləcək. Müqayisə üçün, 2017-ci ildə fabletlərin tədarük həcmi 623,2 milyon səviyyəsində olub və bazar payı 42,5% təşkil edib.
2022-ci ilədək böyük ölçülü smartfon bazarda əsas kateqoriya olacaq: fabletlərin tədarükü və bazar payı 1,39 milyarda (84,5%) yaxınlaşacaq.
Emil Hüseynov