Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İdeyadan Biznesə” layihəsi çərçivəsində ali təhsil müəssisələrində startap turlarının keçirilməsinə başlanıb


Bu gündən etibarən “İdeyadan Biznesə” layihəsi çərçivəsində ali təhsil müəssisələrində startap turlarının keçirilməsinə başlanıb.

İlk startap turu Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baş tutub.

Tədbirə universitetdən 100-dən çox  iştirakçı qatılıb.

Tur çərçivəsində ilk olaraq iştirakçılar üçün ənənəvi qaydada informativ sessiya keçirilib, “İdeyadan Biznesə” layihəsi çərçivəsində reallaşdırılan startap turları barədə ətraflı məlumat verilib.

Daha sonra təşkil olunan interaktiv hissədə mentorlar tərəfindən iştirakçılar üçün startap komandalarının formalaşması, layihə təqdimatının düzgün hazırlanması, investorlara layihənin satışı yolları, bazarın araşdırılması kimi məsələləri əhatə edən təlim keçirilib.

İnteraktiv hissədən sonra ideyası olan iştirakçılardan ibarət komanda formalaşdırılıb və komandalar peşəkar mentorlar tərəfindən müsabiqəyə hazırlanıb.

Müsabiqə mərhələsində komandalar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər. Komanda rəhbərlərinin təqdimatından sonra sual-cavab və layihənin müzakirəsi baş tutub.

Seçilmiş layihələr əsas yerlər uğrunda mübarizə aparıblar. İkinci hissənin sonunda mütəxəssislərdən ibarət münsiflər heyətinin qərarına əsasən, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrinə məxsus “Smart Home” layihəsi I yer, “Uni Food” II yer, “Kompakt Laboratoriya” isə III yerə layiq görülüb.

Tədbirin yekununda qaliblər mükafatlandırılıb və Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanıb.

Yaxın günlərdə Bakı Dövlət, Azərbaycan Texniki, Azərbaycan Memarlıq və İnşaat, Xəzər, Bakı Mühəndislik və ADA universitetlərində də startap turları keçiriləcək.

Qeyd edək ki,  “İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirilən turlar startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə reallaşdırılır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və  “Microsoft” şirkəti ilə birgə həyata keçirdiyi layihənin əsas tərəfdaşı isə “Azercell” şirkətidir.


































24/09/18    Çap et